Misirdə “Qarabağ: Zəfərə aparan yol” adlı kitab işıq üzü görüb
Misirin “Yaxın Şərq media” mətbəəsində nəfis şəkildə nəşr olunmuş 173 səhifə, ön söz, üç fəsil, nəticə və əlavələrdən ibarət “Qarabağ: Zəfərə aparan yol” adlı kitab işıq üzü görüb.
Kitabın müəllifi, ölkəmizin Misirdəki səfirliyinin ikinci katibi, fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimov AZƏRTAC-ın xüsusi müxbirinə bildirib ki, əsər şəhidlərimizin əziz xatirəsinə ithaf edilib. O deyib: “İnanıram ki, şanlı Qələbəmizə həsr olunmuş və ərəb dilində qələmə alınmış bu kitab ölkəmizlə bağlı həqiqətlərin ərəb-müsəlman coğrafiyasında tanıdılmasında müsbət rol oynayacaq”.
“Qarabağ: Zəfərə aparan yol” kitabında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük müharibədə mənfur Ermənistan silahlı qüvvələri üzərində Qələbə qazanmasından, 30 ilə yaxın davam edən erməni təcavüzünə və işğalına son qoymasından, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından, regionda yaranan yeni reallıqdan bəhs edilir. Nəşrdə, həmçinin Azərbaycan Ordusunun şəhər və kəndləri azad etməsinin tarixi xronologiyası, Prezident, Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanında Şuşa şəhərinin azad olunması ilə bağlı tarixi çıxışı, 2020-ci il 10 noyabr tarixli Bəyanat, Ermənistanın hərbi kapitulyasiya aktını imzalaması, 2020-ci il dekabrın 1-də Prezident İlham Əliyevin hərbi və siyasi yolla torpaqlarımızın tam azad olunması münasibətilə xalqa müraciəti, “YAŞAT” Fondunun və Qarabağ Dirçəliş Fondunun təsis edilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamları, 2021-ci il yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüş və kommunikasiya xətlərinin açılmasının müzakirəsi, 2021-ci il iyunun 15-də Azərbaycanla Türkiyə arasında imzalanmış tarixi əhəmiyyətli Şuşa Bəyannaməsi kimi vacib məqamlara toxunulub.
Kitabın “Azərbaycan... Müstəqillik və Quruculuq dövrü” adlanan birinci fəsli “Azərbaycanın müstəqillik tarixinə qısa nəzər (1918-20; 1991-ci illər)”, “Müasir Azərbaycan Respublikasının banisi ümummilli lider Heydər Əliyevin dövlət quruculuğundakı müstəsna xidmətləri (1993-2003)” və “Prezident İlham Əliyev və Böyük Qayıdış dövrü” sərlövhəli üç hissədən ibarətdir.
“Azərbaycan... 44 günlük müharibə” adlı ikinci fəsildə Ermənistanın işğalçılıq siyasətinə qarşı Azərbaycanın beynəlxalq səviyyədə apardığı mübarizə və əldə etdiyi siyasi dəstək, Ermənistanın siyasi və hərbi təxribatları və müharibənin qaçılmaz olması, Qarabağın və ətraf rayonların azad edilməsi: “Dəmir yumruq” əməliyyatı mövzuları əhatə olunub.
Kitabın “Qarabağ: Qələbə və gələcək quruculuq işləri” adlanan son fəslində isə “Qarabağ: Hərbi və siyasi Qələbə”, “Qarabağ: işğaldan azad olunandan sonrakı siyasi-iqtisadi proseslər və gələcəyə baxış”, “Şuşa Bəyannaməsinin tarixi və strateji əhəmiyyəti” hissələri yer alıb.