Viza
ÜMUMİ MƏLUMAT
Vizanın anlayışı, növləri, kateqoriya və məqsədləri
Anlayışı
Viza – əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycan Respublikasına gəlməsinə və Azərbaycan Respublikasından getməsinə, vizada göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verən rəsmi sənəddir.
Növləri
Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vizaların giriş və tranzit növləri vardır. Girişlərin sayına görə giriş vizası birdəfəlik və çoxdəfəlik vizalara, tranzit vizası isə birdəfəlik və ikidəfəlik vizalara bölünür.
- Birdəfəlik giriş vizası– bu növ vizanın etibarlıq müddəti 90 günədək müəyyən olunur. Bu viza göstərilən müddət ərzində əcnəbi və vətəndaşlığı olmayan şəxsə ölkəyə yalnız bir dəfə giriş-çıxış həyata keçirməyə icazə verir.
- Çoxdəfəlik giriş vizası- bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur. Bu viza əcnəbi və vətəndaşlığı olmayan şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.
- Birdəfəlik və ikidəfəlik tranzit vizası– üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Bu növ vizaların etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddəti ərzində və məqsədlə ölkə ərazisində qala bilərlər. Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.
Kateqoriya və Məqsədləri
Giriş vizası diplomatik, xidməti və adi kateqoriyalara bölünür.
- Diplomatik və xidməti kateqoriyalı giriş vizaları yalnız rəsmi səfər məqsədi ilə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
- Adi kateqoriyalı giriş vizasını aşağıda qeyd olunan məqsədlərlə Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslər əldə edə bilərlər:
- İşgüzar
- Elm
- Təhsil
- Əmək
- Turizm
- Mədəniyyət
- İdman
- Humanitar
- Müalicə
- Şəxsi səfər
Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Vizanın verilməsi üçün tələb olunan sənədlər
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, viza verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
36.1.1. online ərizə-anket www.visaapplication.mfa.gov.az;
36.1.2. pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin surətləri;
36.1.3. biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm);
36.1.4. tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
36.1.5. viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;
36.1.6. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur) ;
36.1.6-1. Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəf qeyri-dövlət təşkilatı olduğu halda həmin qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
36.1.6-2. dəvətin səbəbini təsdiq edən sənəd (tranzit, turizm və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur);
36.1.7. səfərin məqsədindən asılı olaraq, bu Məcəllənin 25–34-cü maddələrində göstərilən müvafiq sənədlər;
36.2. 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36.1-ci maddəsində qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.
36.3. Viza verilməsi üçün alınan dövlət rüsumunun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.
Diqqət! Əcnəbinin pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır.
Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Dövlət rüsumu
Viza rəsmiləşdirilməsi üçün tələb olunan dövlət rüsumunun dərəcələri və ödənilmə qaydaları
- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6. və 16.1.7-ci maddələrinə əsasən, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən vizaların rəsmiləşdirilməsi üçün aşağıdakı məbləğdə dövlət rüsumu alınır:
- birdəfəlik giriş vizası üçün - 20 ABŞ dolları
- çoxdəfəlik giriş vizası üçün - 350 ABŞ dolları
- tranzit vizaları üçün - 20 ABŞ dolları
Diqqət! Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin hər birindən vizanın rəsmiləşdirilməsinə görə ayrı-ayrılıqda dövlət rüsumu tutulur.
Ödənilmə ünvanı
Xarici ölkələrdə - Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən təqdim edilən müvafiq hesab nömrəsi.
Diqqət! Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır!
Qeyd: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilməlidir.