2022-05-27

Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Qahirə, 27 may

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü, 28 May - Müstəqillik Günü münasibətilə ölkəmizin Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Müstəqillik Günü münasibətilə Qahirənin “Sofitel Nile Cairo Gazerah” otelində rəsmi qəbul təşkil olunub. Tədbirdə Misirin nüfuzlu ictimai-siyasi xadimləri, bu ölkənin parlamentinin yuxarı və aşağı palatalarının üzvləri, nazirliklərin təmsilçiləri, Cənubi Sinay yarımadası və Qalyubiyyə əyalətlərinin təmsilçiləri, iş adamları, jurnalistlər, müxtəlif universitetlərin müəllim heyəti, diaspora üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən ölkəmizin Misirdəki səfiri Tural Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi haqqında geniş məlumat verib, 1918-ci il mayın 28-də müsəlman Şərqində elan edilmiş ilk parlamentli respublikanın cəmi iki il ərzində zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirdiyini, xalqımızın gələcəyi üçün etibarlı zəmin hazırladığını vurğulayıb.

Xalqımızın böyük oğlu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz rolundan danışan səfir, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmizin qısa müddət ərzində regionun aparıcı və ən güclü dövlətinə çevrildiyini, dünya dövlətləri sırasında layiqli yerini tutduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Ulu Öndər bir çox sahələrin, o cümlədən müasir Azərbaycan diplomatiyasının qurucusudur.

T.Rzayev diqqətə çatdırıb ki, 2020-ci ildə aparılmış 44 günlük müharibədə ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşmən üzərində şanlı Qələbə qazanıb, torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz təmin olunub.

Bu il Misir-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyinin tamam olduğunu qeyd edən səfir bildirib ki, hazırda iki ölkə arasında siyasi, iqtisadi-ticari, mədəni əlaqələr yüksək səviyyədədir.

Rəsmi qəbul zamanı Misirin aparıcı kanallarına (“Qahirə-1”, “Qahirə-2”, “Nil”) və nüfuzlu qəzetlərinə müsahibələr verilib, Azərbaycanın zəngin tarixini, mədəniyyətini əks etdirən video çarxlar nümayiş etdirilib və səfirlik tərəfindən ərəb dilində çap olunan kitabların sərgisi təşkil olunub.

Silsilə tədbirlər çərçivəsində səfir Tural Rzayevin 28 May - Müstəqillik Günü ilə bağlı məqaləsi Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik xəbər agentlikləri və qəzetlərində (Yaxın Şərq Xəbərlər Agentliyi, “Əl-Əhram”, “Əl-Cümhuriyyə”, “Əl-Əxbar”, “Dustur”, “Cairo24” və s.) dərc edilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Arxiv üzrə axtarış