2021-12-08

Anar Kərimov Şeyx Əhməd Əl Tayiblə görüşüb

Bakı, 8 dekabr, AZƏRTAC

Mədəniyyət naziri Anar Kərimov Misir Ərəb Respublikasına səfəri çərçivəsində Misirin Əl-Azar Universitetinin baş İmamı Şeyx Əhməd Əl Tayiblə görüşü baş tutub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Misir Ərəb Respublikası arasındakı dostluq münasibətinin qədim köklərə dayandığını bildirən A. Kərimov Mədəniyyətlərarası Dialoqun inkişafında Misirin mühüm rolundan söz açıb. O, həmçinin Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş “Bakı prosesi” haqda danışıb. Mədəniyyətlərarası Dialoq Forumları barədə məlumat verərək, “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsünün də əsasının qoyulduğunu bildirib. 2022-ci ildə növbəti Forumun keçiriləcəyinin planlaşdırıldığını qeyd edən mədəniyyət naziri, Şeyx Əhməd Əl Tayibi də bu beynəlxalq layihəyə qoşulmağa dəvət edib.

  1. Kərimov eləcə də işğaldan azad olunmuş ərazilərimizdə erməni barbarlığının sübutu olan dağıdılmış dini məbədlərimizdən, mədəniyyət abidələrimizdən söz açıb. Bu vandalizmin nəinki Azərbaycana, eləcə də İslam dünyasına qarşı törədildiyini bildirib. Həmçinin qeyd edib ki, “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsü çərçivəsində Azərbaycan daim sülhü təbliğ etməyə, bölgədə əmin-amanlığa nail olmaq yolunda faydalı addımlar atmağa hazırdır, və bu istiqamətdə bir sıra işlər görülür.

Anar Kərimovu salamlayan Şeyx Əhməd Əl Tayibi nazirin dəvətini məmnuniyyətlə qəbul etdiyini xüsusi vurğulayıb. Azərbaycanın illər boyu Mədəniyyətlərarası Dialoqun inkişafında gördüyü işlərin təqdirəlayiq olduğunu deyib.

Tərəflər həmçinin İslam dininə qarşı bəzi qüvvələrin apardığı yanlış təbliğatı qınayaraq, dinimizin sülh və barışığa çağırış olduğunu, və bunu ən gözəl nümunələrlə dünyaya çatdırmağın önəmindən danışıblar.

Görüş bir sıra digər mühüm məsələlərin müzakirəsi ilə davam edib.

https://azertag.az/xeber/1945490

Arxiv üzrə axtarış