2021-12-07

Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Misirdə səfərdədir

Qahirə, 7 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikasında rəsmi səfərdədir.

AZƏRTAC xəbər verir ki, nazir Anar Kərimov səfər çərçivəsində Misir Milli Muzeyinin direktoru Sabah Abdel Razeklə görüşüb.

Nazirə sivilizasiyanın beşiyi sayılan Misirin qədim tarixini özündə təcəssüm etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.

Qonaqları səmimiyyətlə salamlayan muzey rəhbəri birgə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Nazir A.Kərimov Azərbaycan Milli İncəsənət Muzeyində qədim Misirə aid 51 eksponatın həssaslıqla qorunduğunu bildirib, həmin sənət nümunələrinin Misir Muzeyində onlayn təqdimatının keçirilməsinin böyük marağa səbəb olacağına əminliyini dilə gətirib. O, həmçinin bəşəriyyətin ən qədim mədəniyyətinə sahib, sivilizasiyanın beşiyi sayılan Misir mədəniyyətinin təbliği təcrübəsindən yararlanmağın faydalı olacağını vurğulayıb, bu istiqamətdə ikitərəfli görüşlərin, seminarların təşkilinin, layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Sonra Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyib ilə görüş keçirilib. Nazir A.Kərimov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan quruculuq işləri, o cümlədən ermənilər tərəfindən dağıdılmış İslam və xristian dinlərinə məxsus dini abidələrin, məscid və kilsələrin bərpasından bəhs edib. Vurğulayıb ki, hər zaman dini və etnik tolerantlığı ilə fərqlənən Azərbaycan başqa dinlərə aid olan ibadət məkanlarının da bərpasına xüsusi diqqət yetirir. Eyni zamanda, Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyət və sivilizasiyalar arasında dialoqun mərkəzlərindən birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. 2008-ci il dekabrın 2-də Bakıda keçirilmiş Avropa və ona qonşu regionların Mədəniyyət Nazirlərinin Konfransında dövlətimizin başçısı tərəfindən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və 2010-cu ildə BMT Baş Assambleyasının sessiyasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsləri irəli sürülüb.

Bundan başqa, Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları BMT rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Bu tədbirlərdə müxtəlif dinləri təmsil edən dini liderlər də iştirak ediblər.

Əl-Əzhər Şeyxinin mədəniyyətlər və dinlərarası dialoqa böyük töhfəsini və zəngin təcrübəsini vurğulayan nazir onu Azərbaycanda keçiriləcək forumlarda iştirak etməyə dəvət edib.

Dəvətə görə təşəkkürünü bildirən Əl-Əzhər Şeyxi qeyd edib ki, onun rəhbərlik etdiyi qurum və Misir hökuməti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Əhməd Əl-Tayyib əlavə edib ki, Azərbaycanın dinlərarası dialoq, həmçinin dayanıqlı sülh və sabitlik istiqamətində səyləri təqdirəlayiqdir. O, diqqətə çatdırıb ki, böyük məmnunluqla Azərbaycana səfər edəcək və dini liderlərlə birlikdə yeni təşəbbüsləri dəstəkləyəcək.

Əl-Əzhər Şeyxi dünya mədəniyyətinə Nizami Gəncəvi kimi dahi şəxsiyyət bəxş etmiş Azərbaycan haqqında məlumatları öyrəndiyini qeyd edib. Vurğulayıb ki, xalqımızın öz ərazi bütövlüyünü bərpa etməsi, ölkəmizin sülhə və qonşularla mehriban münasibətlərə can atması da dahi şair və mütəfəkkirin əsərlərindəki humanizm irsinin davamıdır.

Görüşün sonunda A.Kərimov Əl-Əzhər Şeyxinə Nizami Gəncəvinin yubileyi münasibətilə buraxılmış xatirə medalı və nəfis şəkildə toxunmuş Azərbaycan xalçası hədiyyə edib.

Əlməd Əl-Tayyib də öz növbəsində nazirə xüsusi xəttatlar tərəfindən hazırlanmış “Qurani-Kərim” nüsxəsi təqdim edib.

Daha sonra Misirin mədəniyyət naziri İnes Əbdel Dayim ilə görüşən Anar Kərimov iki ölkənin nazirlikləri arasında əməkdaşlığın perspektivlərindən bəhs edib. Xüsusilə müsəlman Şərqində ilk operanın məkanı olan ölkəmizin incəsənətin bu sahəsi üzrə misirli həmkarları ilə əməkdaşlığının zəruriliyini qeyd edərək birgə tamaşaların təşkili imkanlarından danışıb. Diqqətə çatdırıb ki, bu günlərdə Azərbaycan “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunu keçirib. O, misirli həmkarları da bu təşəbbüsdə fəal iştiraka dəvət edib. Nazir, həmçinin ölkəmizdəki muzeylərin, digər mədəniyyət müəssisələrinin Misirin müvafiq strukturları ilə əməkdaşlığının geniş perspektivlərinin olduğunu söyləyib.

Nazir A.Kərimov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni irs abidələrinin bərpası prosesi barədə də ətraflı məlumat verib. Vurğulayıb ki, mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması üçün əsas amil sülh və sabitlikdir.

İnes Əbdel Dayim öz növbəsində Qahirədəki Opera Evinin fəaliyyətindən bəhs edib və Azərbaycanın opera sənətçiləri ilə əməkdaşlıqdan məmnun olacaqlarını diqqətə çatdırıb. O, əlavə edib ki, gələn il Misir paytaxtı ICESCO tərəfindən “İslam Mədəniyyəti Paytaxtı” elan olunub və Azərbaycan incəsənət ustaları bu çərçivədə keçiriləcək tədbirlərdə fəal iştirak edə bilərlər. Misirli nazir, həmçinin ölkəmizin kino, folklor və musiqi xadimlərini Misirdə keçirilən festivallarda fəal iştirak etməyə çağırıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib. Misirli nazirə Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuş Qarabağ haqqında kitab, Nizami Gəncəvinin yubileyi ilə əlaqədar xatirə medalı və xalça hədiyyə olunub.

Dekabrın 8-də Azərbaycanın mədəniyyət naziri A.Kərimov Misirin yeni inzibati paytaxtında keçiriləcək ICESCO-nun Baş Konfransının XIV sessiyasında iştirak edəcək.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

https://azertag.az/xeber/1945378

Arxiv üzrə axtarış