Misir mətbuatı İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Azərbaycanın maraqlarının diqqət mərkəzində olmasından yazıb
Qahirə, 29 noyabr, AZƏRTAC
Misirin nüfuzlu “Cümhuriyyə” və “Əl Masr Əl Yom” qəzetləri, həmçinin “Əlqrar Əl Ərəbi”, “Əl Xabar Əl Hadəf”, “Əl Diplomasi” və “Yeni dünya xəbərləri” portalları Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının yekununa dair qəbul olunmuş Bəyannamədə Azərbaycanın maraqlarının diqqət mərkəzində olmasından yazıblar.
AZƏRTAC xəbər verir ki, yazıda Zirvə Toplantısı iştirakçılarının Zəfər Günü və torpaqların işğaldan azad olunması münasibətilə Azərbaycan Respublikasını təbrik etdikləri diqqətə çatdırılıb.
Materialda qeyd olunub ki, yekun Bəyannamədə Azərbaycan ərazilərinin işğaldan azad olunmasının davamlı sülhə, iqtisadi tərəqqiyə və Qafqaz regionunun inkişafına şərait yaradacağına əminlik ifadə olunduğu vurğulanıb. Sənəddə, həmçinin İƏT-ə üzv ölkələrə azad edilmiş ərazilərdə rekonstruksiya və bərpa layihələrinə investisiya qoymaq çağırışı yer alıb. Eyni zamanda, Bəyannamədə bundan sonrakı mərhələdə Qafqaz regionunda mehriban qonşuluq münasibətlərinin qurulmasının vacibliyi vurğulanır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə