2021-11-19

Misir parlamentinin sabiq vitse-spikeri: Azərbaycanın qazandığı Zəfər bütövlükdə regionun inkişafına töhfə verəcək

Bakı, 19 noyabr, AZƏRTAC

Misir parlamentinin sabiq birinci vitse-spikeri, Seyyidlər İttifaqının sədri Seyyid Mahmud Şərif 8 Noyabr – Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Seyyid Mahmud Şərif məktubunda qardaş Azərbaycan Respublikasının Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə daim əmin-amanlıq və tərəqqi içində yaşamasını arzulayıb.

Sabiq birinci vitse-spiker Azərbaycan parlamentinin rəhbərinə ən səmimi arzu və təbriklərini çatdırmaqdan iftixar və məmnunluq duyduqlarını bildirib. Vurğulayıb ki, qardaş Azərbaycana beynəlxalq səviyyədə tanınmış torpaqlarını qaytaran bu Zəfər bütövlükdə regionun inkişafına töhfə verəcək.

Ölkəmizə səfərləri zamanı burada müxtəlif sahələrdə inkişafın şahidi olduğunu məmnunluqla qeyd edən Seyyid Mahmud Şərif, eyni zamanda, Azərbaycanda dinc yanaşı yaşayışın və plüralizm dəyərlərinin bariz nümunəsini gördüyünü, xalqlarımız arasında dərin məhəbbətin olduğunu vurğulayıb.

https://azertag.az/xeber/1930698

 

 

Arxiv üzrə axtarış