2019-12-02

“Müasir Azərbaycan Diplomatiyasının 100 illiyi” kitabı ilə əlaqədar Misirin geniş auditoriyasına malik Nil Mədəniyyət Kanalının “Bütün dillərdə” proqramında veriliş yayımlanmışdır.

AR-ın Misirdəki Səfirliyinin ikinci katibi, fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimovun Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyi ilə bağlı ərəb dilində qələmə aldığı “Müasir Azərbaycan Diplomatiyasının 100 illiyi” kitabı ilə əlaqədar Misirin geniş auditoriyasına malik Nil Mədəniyyət Kanalının “Bütün dillərdə” proqramında veriliş yayımlanmışdır.

Proqamda çıxış edən E.Rəhimov kitab haqqında geniş məlumat verərək, müasir Azərbaycan Diplomatiyasının şanlı səhifələrindən danışmış, 1919-cu ildən 2019-cu ilə qədər olan tarixi dövrə nəzər salmışdır.

E.Rəhimov bu dövr ərzində diplomatiya tarixində müstəsna rol oynamış Azərbaycan Xalq Cümhuriyyətinin baniləri, qurucuları, görkəmli şəxsiyyətləri, eləcə də Azərbaycan diplomatiyasının müstəqillik yolunda əldə etdiyi uğurlardan söz açmış, müasir Azərbaycan Respublikasının banisi Ulu öndər Heydər Əliyevin xarici siyasətin Azərbaycan modelinin yaradıcısı olduğu, balanslaşdırılmış xarici siyasət, çoxvektorlu əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq və müstəqil xarici siyasət prinsiplərinə söykənən praqmatik siyasi kursun konsepsiyasının əsasını qoymasını xüsusi olaraq vurğulamışdır.

Daha sonra müəllif Azərbaycanın beynəlxalq müstəvidə tanıdılması, inkişafı və tərəqqisində əsas rol oynayan və Ulu öndərin siyasi kursunu layiqincə və inamla davam etdirən, ölkəmizin dövlətlərarası müstəvidə ikitərəfli və çoxtərəfli diplomatik nüfuzunu gücləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətindən bəhs etmişdir.

Verilişin sonunda E.Rəhimov Misir-Azərbaycan münasibətlərinə toxunmuş, iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulamışdır.

Verilişdə Azərbaycanın mədəniyyətini, tarixini, müasirliyini əks etdirən video kadrlar da nümayiş etdirilmişdir.

 

https://www.youtube.com/watch?v=qnJDSpXEOXs&feature=youtu.be

Arxiv üzrə axtarış