news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 fevral 2022

Raşa Ğanim: Misir ictimaiyyəti Xocalı soyqırımı barədə geniş məlumata malikdir

Qahirə, 24 fevral, AZƏRTAC

Son illər Azərbaycanın Misirdəki səfirliyi və diaspor təşkilatının dəstəyilə Xocalı soyqırımı, həmçinin Qarabağ həqiqətləri barədə ərəb dilində bir sıra kitablar nəşr olunub. İndi Misir ictimaiyyəti XX əsrin ən dəhşətli faciələrindən biri haqqında daha geniş məlumata malikdir.

Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Misirdəki Amerika Universitetinin professoru, görkəmli şərqşünas Aida İmanquliyeva haqqında kitabın müəllifi xanım Raşa Ğanim söyləyib. Tanınmış alim qeyd edib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. “Bilirəm ki, Ermənistan ordusu Azərbaycanın bu yaşayış məntəqəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfəri vəhşicəsinə qətlə yetirib, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər isə hələ də itkindir. Xocalı faciəsini əks etdirən kadrlara baxanda insanın damarlarında qanı donur. Günahsız insanlara qarşı bu cür qəddarlığa heyrətsiz baxmaq mümkün deyil”, -deyə R.Ğanim qeyd edib.

İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən təşkilatın üzvü olan Misirin Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəklədiyini diqqətə çatdıran professor bildirib ki, rəsmi Qahirə, eyni zamanda, İƏT-in forumlarında Xocalı soyqırımı ilə bağlı bütün sənədləri imzalayıb. O deyib: “Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistanın BMT-dəki daimi nümayəndəsi bu ağır cinayəti inkar etməyə çalışıb, müxtəlif saxta iddialar irəli sürüb. Halbuki, bu qırğın haqqında kifayət qədər sənəd, fakt və beynəlxalq təşkilatların rəyləri var. Düşünürəm ki, Xocalı şəhərində törədilmiş cinayət beynəlxalq ictimai hüququn məcburi qaydalarından irəli gələn öhdəliyin, o cümlədən davranış və obyektivlik qaydalarının pozulmasıdır və onun təqsirkarları cəzalandırılmalıdır. Eyni zamanda, münaqişə zamanı törədilmiş beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun ciddi şəkildə pozulması ilə bağlı həqiqətlər araşdırılmalı, Xocalı qurbanlarının ailələrinə adekvat və effektiv kompensasiya ödənilməlidir. Bu cür cinayətlərin təkrarlanmaması üçün institusional səviyyədə tədbirlərin görülməsi də zəruridir”.

Filologiya elmi üzrə bir çox dəyərli tədqiqatların müəllifi olan R.Ğanim qeyd edib ki, Xocalı faciəsi bədii əsərlərdə də öz əksini tapıb və onların ərəb dilində nəşri çox vacibdir. “Əmir və Arye Qutun ərsəyə gətirdiyi “Ağrı” romanı Azərbaycan xalqının Xocalı ağrısını real hadisələr və sənədli materiallar əsasında işıqlandırmaqla yanaşı, baş vermiş faciənin insan talelərinə vurduğu zədələrdən, beynəlxalq aləmin, hələ də bu bəşəri haqsızlığa laqeyd, susqun münasibətindən bəhs edir.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin xətti ilə beynəlxalq kitab yarmarkalarında və digər tədbirlərdə təqdim olunan bu əsərlə yanaşı, müxtəlif dillərdə, o cümlədən ərəbcə yeni kitabların ərsəyə gəlməsinə ehtiyac var”, - deyə misirli professor vurğulayıb.

Sözlərinə yekun vuran R.Ğanim bildrib: “Sonda qeyd etmək yerinə düşərdi ki, sülhsevər Azərbaycan dövləti erməni cinayətləri qarşısında dəyanət nümayiş etdirib, Azərbaycan Prezidenti İlham Əliyevin müdrikliyi, liderlik keyfiyyətləri və sərkərdəlik məharəti sayəsində erməni işğalçıları üzərində Qələbə qazanılıb”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti