news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 noyabr 2025

Qahirədə Azərbaycan-Misir Müştərək Komissiyasının 6-cı iclası və Biznes Forum keçirilib

2025-ci ilin 24 noyabr tarixində Qahirədə Misirin Planlaşdırma, İqtisadi İnkişaf və Beynəlxalq Əməkdaşlıq naziri Raniyə əl-Maşatın və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin həmsədrliyi ilə Azərbaycan-Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilmişdir. Qeyd edək ki, Komissiyanın 5-ci iclası 2022-ci il fevralın 25-də Bakıda keçirilmişdir. Ölkəmizi iclasda geniş nümayəndə heyəti təmsil olunmuşdur. Nümayəndə heyətinə İqtisadiyyat, Gənclər və İdman, Mədəniyyət nazirlərinin müavinləri, eləcə də Xarici İşlər Nazirliyinin, AZPROMO-nun, Dövlət Turizm Agentliyinin, Ələt Azad İqtisadi Zonasının, Qida Təhlükəsizliyi Agentliyinin, Elm və Təhsil, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin, KOBİA-nın, TƏBİB-in və “SOCAR Trading”in məsul şəxsləri daxildir. Səfir Elxan Poluxov da keçirilən tədbirlərdə iştirak etmişdir. Komissiyanın iclasından öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun və Misirin Sərmayə və Azad Zonalar üzrə Baş Qurumunun (GAFI) birgə təşkilatçılığı Misir-Azərbaycan biznes-forumu baş tutmuşdur. Biznes-forumda iki ümumilikdə 20-dən çox şirkətin nümayəndələri daxil olmaqla ölkələr arasında əməkdaşlıq üçün geniş imkanların olması əhəmiyyəti müzakirə olunmuşdur. Həmsədr, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artımı və qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaradacağına əminliyini vurğulamışdır. Nazir, həmçinin Azərbaycanın yüksək texnologiyalar parklarında İT şirkətləri üçün tətbiq edilən güzəşt və imtiyazlar barədə məlumat verərək, ölkəmizin rəqəmsal məhsullarının Misirə ixracı imkanlarının geniş olduğunu diqqətə çatdırmışdır. Biznes-forum çərçivəsində iki ölkədəki investisiya imkanları, Ələt Azad İqtisadi Zonasında, eləcə də Azərbaycanın digər sənaye və texnologiya parklarında tətbiq olunan güzəştlər barədə məlumat verilmiş, Misir şirkətlərinə ölkəmizə investisiya qoyuluşu imkanlarını nəzərdən keçirmək təklif olunmuşdur.

Bundan sonra, həmsədrlərin iştirakı ilə Müştərək Komissiyanın geniş iclası öz işinə başlamışdır. Misirli nazir Raniyə əl-Maşat açılış nitqində Misir-Azərbaycan əlaqələrinin dərin köklərə malik olduğunu, ölkələr arasında dinamik və uzunmüddətli tərəfdaşlığın mövcudluğunu qeyd edərək, ölkəsində Azərbaycan investisiyalarının, eləcə də ticarət mübadiləsinin həcminin artmasında maraqlı olduqlarını diqqətə çatdırmışdır. Misirli nazir əlavə edib ki, ölkəsində müxtəlif sahələrdə, xüsusilə turizm, xidmətlər, sənaye, tikinti, rabitə, kənd təsərrüfatı, İKT sahələrində 35 şirkət fəaliyyət göstərsə də, bu, Misirlə Azərbaycan arasındakı əlaqələrin həcminə uyğun deyil, özəl sektordakı imkanlardan istifadə edilməlidir. O, Azərbaycanla sənaye və texnologiya, xüsusilə də avtomobil sənayesi, toxuculuq, sement istehsalı, tibbi avadanlıqların hazırlanması sahələrində əməkdaşlığı genişləndirmək istəyini də diqqətə çatdırmışdır. Daha sonra, Misir iqtisadiyyatının hazırkı vəziyyətindən danışan Raniyə əl-Maşat ötən maliyyə ilində 4,4 faiz inkişaf göstəricilərinə nail olunduğunu qeyd etmiş və müştərək komissiyaların ölkələr arasında iqtisadiyyat, ticarət və investisiya sahələrində imkanların yollarının üzə çıxarılması və inkişafında beynəlxalq əməkdaşlıq mexanizmlərindən biri olduğunu qeyd bildirmişdir. Nazir çıxışının sonunda, ölkəsində münbit investisiya mühitinin formalaşdığını bildirərək Süveyş kanalı İqtisadi Zonası və digər investisiya və iqtisadi imkanlar haqqında danışaraq ölkəsi ilə Azərbaycan arasında tərəfdaşlığın dərinləşəcəyinə inamını ifadə etmişdir.

Öz növbəsində nazir Rəşad Nəbiyev ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verərək, Müştərək Komissiyanın tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün səmərəli platforma olduğunu vurğulamışdır. Nazir qeyd etmişdir ki, Azərbaycan – Misir Biznes Şurasının fəaliyyətinin aktivləşdirilməsi iki ölkə arasında ticarət əlaqələrinin inkişafına öz töhfəsini verə bilər. Rəşad Nəbiyev, həmçinin regionda sülh quruculuğu ilə bağlı cari vəziyyət, postmünaqişə sülh gündəliyi, habelə işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işlərindən söhbət açmışdır. Diqqətə çatdırılmışdır ki, işğaldan azad edilən ərazilər yenidən qurulur və bu region “yaşıl enerji” zonası elan olunmuşdur. Həmsədr nazirlərin qarşılıqlı çıxışlarından sonra Müştərək Komissiyanın altıncı iclasının yekun protokolu imzalanmış və Komissiya üzvlərinin şərəfinə rəsmi ziyafət verilmişdir.

Eyni gündə nazir Rəşad Nəbiyev, Misirin Nəqliyyat naziri Kamel al-Wazir və Rabitə və Texnologiyalar naziri Dr. Amr Talaat ilə ikitərəfli görüşlər keçirərək birgə qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə etmişlər. Hər iki nazirliyin Birgə Komissiyanın üzvlüyünə daxil edilməsi onlar arasında mütəmadi online görüşlərin təşkil edilməsi və yol xəritəsinin hazırlanması istiqamətində qarşlılıqlı razılıq əldə olunmuşdur. Yerli Misir mətbuatında keçirilən Biznes Forum, Birgə Komissiyanın iclası və təkbətək görüşlər geniş işıqlandırılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti