Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı nitqi Misir KİV-i tərəfindən geniş işıqlandırılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı nitqi Misirin nüfuzlu KİV-i tərəfindən geniş işıqlandırılıb.
Misirin “Cümhuriyyə”, “Əxbar Əl Yom” qəzetlərində, həmçinin “Əl Masriyə” və “Əl Diplomasi” portallarında AZƏRTAC-ın xəbərlərinə istinadla dövlətimizin başçısının nitqindən əsas məqamların təqdim olunduğu dörd material dərc edilib.
Materiallarda qeyd olunub ki, Azərbaycan Prezidenti Qurultay iştirakçılarını şanlı Qələbə və ərazilərin düşməndən azad olunması münasibətilə təbrik edib, bu tədbirin adının Zəfər Qurultayı olmasını təbii hal kimi qiymətləndirib. O vurğulayıb ki, Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Dövlətimizin başçısı deyib ki, biz Azərbaycan xalqının böyük xalq olduğunu dünyaya sübut etdik və müstəqillik illərində vətənpərvərlik ruhunda yetişən gənclər Vətən uğrunda bilərəkdən ölümə gedirdilər.
Xəbərlərdə Prezident İlham Əliyevin nitqindəki ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsiz olması ilə bağlı sitat da yer alıb: “Əfsuslar olsun ki, bu gün də hələ də Minsk qrupu haqqında Ermənistanda yüksəkvəzifəli şəxslər sözlər deyirlər. Hesab edirəm ki, bu, əbəsdir, bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olub”. O əlavə edib ki, 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış Minsk qrupu faktiki olaraq heç bir nəticə əldə etməyib. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, o, məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdı. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qruplarının təsiri çoxdur. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmayıb.
Yazılarda diqqətə çatdırılıb ki, dövlətimizin başçısı Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbənin bir çoxları üçün gözlənilməz olduğunu, hərbi ekspertlər, siyasətçilər, bu məsələ ilə məşğul olan müxtəlif təşkilatların nümayəndələri müharibədə bizim qalib gələcəyimizə şübhə ilə yanaşdıqlarını söyləyiblər. Prezident İlham Əliyevin bununla bağlı fikirləri diqqətə çatdırılıb: “Onlar bir məsələni diqqətdən kənarda qoymuşdular - Azərbaycan xalqının əzmini, Azərbaycan əsgərinin gücünü, Vətən sevgisini. Bəli, düzdür, bəzi yerlərdə beş, bəzi yerlərdə altı müdafiə xətti qurulmuşdu, istehkamlar qurulmuşdu, tikanlı məftillər, dəmir parçaları və sair. Bölgənin coğrafiyası bizim üçün çox əlverişsiz idi. Bütün bunlara baxmayaraq, az itki verməklə, Ermənistan ordusundan iki-üç dəfə az itki verməklə biz tarixi missiyamızı yerinə yetirdik və son nöqtəni burada - tarixi şəhərimizdə qoyduq”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə