news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 fevral 2022

Prezident İlham Əliyevin AZƏRTAC-a müsahibəsi Misir mətbuatının diqqət mərkəzində

Qahirə, 13 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin AZƏRTAC-a müsahibəsi Misir mətbuatının diqqət mərkəzində olub.

Misirin nüfuzlu “Cümhuriyyə” və “Əxbar Masr” qəzetləri, “Asia Əl Yom” agentliyi, “Əl Masriya”, “Əl Diplomasi” portallarında “Azərbaycan Prezidenti xarici investorların işğaldan azad olunmuş ərazilərə sərmayə qoymağa çağırıb” sərlövhəli xəbər dərc olunub.

Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, dövlətimizin başçısı bərpaolunan enerji növlərinin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışarkən bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş getdiyini, bu işin nəticələrinin olduğunu deyib. O vurğulayıb ki, xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar. Azərbaycan Prezidenti “ACWA Power” şirkətinin ölkəmizdə 240 meqavatlıq külək elektrik stansiyasının tikintisinə başladığını, BP və Birləşmiş Ərəb Əmirliklərinin “Mazdar” şirkətləri ilə günəş elektrik stansiyalarının inşasına dair danışıqlar aparıldığını diqqətə çatdırıb.

Materialda vurğulanıb ki, Prezident İlham Əliyev azad edilmiş torpaqlarda su, günəş və külək enerjisi baxımından böyük potensial olduğunu bildirib, xarici investorları bu sahəyə sərmayə qoymağa dəvət edib. Dövlətimizin başçısı qeyd edib ki, Kəlbəcər-Laçın zonasında və azad olunmuş digər torpaqlarda 9 min meqavatdan çox təsdiqlənmiş enerji potensialı var.

“Bizim ən böyük potensialımız Xəzər dənizindədir və təsadüfi deyil ki, hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər, bizə artıq təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Ona görə bütün bu işləri biz düzgün planlaşdırmalıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti