news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 iyul 2020

No:165/20, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlaması

14 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944 cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub.

Ermənistan tərəfindən Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə almaq və ağır silahlardan atəşə tutmaq faşizmin və barbarlığın əyani təzahürüdür. Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir.

Ermənistan tərəfi bundan öncə də Azərbaycanlı mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alaraq, onlara qarşı insanlıq əleyhinə cinayət aktları törədib. 1992-ci ilin 26 fevral tarixində Xocalıda 613 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, sərhədboyu, eləcə də təmas xətti yaxınlığında yaşayan və aralarında azyaşlı uşaqlar da olmaqla azərbaycanlı mülki şəxslərin məqsədyönlü şəkildə düşmən gülləsinin hədəfinə çevrilməsi, eləcə də 2016-cı ilin aprel hadisələri zamanı 6 mülki şəxsin həlak olması və 33 nəfərin yaralanması Ermənistan təcavüzünün günahsız qurbanlarıdır.

Ermənistan silahlı qüvvələri, yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutmaqla yanaşı, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurur.

Bu kimi əməlləri ilə Ermənistan beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və bu xüsusda üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur.

Ermənistanın hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə və Azərbaycanlı mülki şəxslərin Ermənistanın məqsədyönlü qanlı təxribatının qurbanı olması faktına beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə və Ermənistanın bu qanunsuz əməllərini qınamağa çağırırıq.

Azərbaycanlı mülki şəxsin qətl edilməsinin məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti