news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2022

Misirin tanınmış jurnalisti Xocalı soyqırımı haqqında məqalə yazıb

Qahirə, 25 fevral, AZƏRTAC

Misirin tanınmış jurnalisti, “Səfirliklərin xəbərləri” jurnalının baş redaktoru Məhəmməd Sələmə “Xocalı soyqırımından 30 il ötür” sərlövhəli məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Xocalı soyqırımının 30 illiyinin Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində möhtəşəm Qələbəsi və torpaqların erməni işğalından azad edilməsi şəraitində qeyd edildiyi bildirilir. Müəllif yazır: “Azərbaycan xalqı öz ərazilərini düşmənin tapdağından azad edib və bu gün qürur hissi ilə şəhidlərinin xatirəsini anır. Xocalıda baş verənlər soyuqqanlılıqla və ermənilərə xas olan qəddarlıqla törədilən bir qırğındır. Bu faciənin qurbanları arasında çoxlu sayda uşaq, qadın və qocalar var”.

Məqalədə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilir. M.Sələmə qeyd edir ki, Xocalıda törədilmiş qırğın öz vəhşiliyi ilə bütün dünyada ermənilərə qarşı nifrət və qəzəb doğurub. Bu qətliam bəşəriyyətə qarşı törədilən ağır cinayət, iyrənc irqçilikdir. BMT Təhlükəsizlik Şurası da 1993-cü ildə qəbul etdiyi qətnamədə Ermənistan ordusunun beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu və mülki əhalini hədəf aldığını təsbit edib. Uşaqlara və hamilə qadınlara belə aman verməyən vəhşi erməni quldurları ən ağır cəzaya layiqdirlər.

Müəllif Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Xocalı soyqırımı barədə sözlərini sitat gətirərək qeyd edib ki, erməni siyasətçinin bu etirafı Ermənistanın heç bir insani dəyərləri saymadığının sübutudur. Bunun əksinə olaraq, öz ərazilərini işğaldan azad edən Azərbaycan əsgəri 44 günlük müharibə zamanı mülki erməni əhalisinə heç bir zərər vermədi və bu, azərbaycanlıların yüksək mənəvi və humanizm dəyərlərinə sədaqətinin göstəricisidir.

Məqalədə Ermənistanın işğalı dövründə dağıdılmış tarix-mədəniyyət nümunələri, İslam abidələri və məscidlər barədə məlumat verilir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, onun incisi olan Şuşada aparılan bərpa-quruculuq işlərindən bəhs olunur.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti