news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 fevral 2022

Misirdə Xocalı soyqırımının 30 illiyi ilə bağlı anım tədbiri təşkil olunub

Qahirə, 25 fevral, AZƏRTAC

Azərbaycanın Misirdəki səfirliyində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirliyin əməkdaşlarının, Misir ictimaiyyətinin və diaspor nümayəndələrinin iştirak etdiyi tədbirdə Xocalı soyqırımı qurbanlarının və canlarını Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ölkəmizin Misirdəki səfirliyinin müşaviri Ramiz Vəliyev bildirib ki, 30 il əvvəl Azərbaycanın Xocalı şəhərində erməni quldur dəstələrinin mülki əhaliyə, o cümlədən qadın, uşaq və qocalara qarşı törətdikləri qırğın bəşəriyyətə qarşı ağır cinayətdir. O diqqətə çatdırıb ki, işğal etdiyi ərazilərdə etnik təmizləmə siyasəti aparan və əhalini qorxutmaq məqsədi güdən Ermənistan silahlı qüvvələri 613 nəfəri vəhşicəsinə qətlə yetirib. Onlardan 63-ü uşaq, 106-sı qadın və 70-i qocalardır. Bundan başqa, 1275 nəfər girov götürülüb, itkin düşmüş 150 dinc sakinin taleyindən indiyədək xəbər yoxdur.

Diplomatımız qeyd edib ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və digər siyasətçiləri də öz müsahibələrində bu dəhşətli cinayəti etiraf ediblər.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov öz çıxışında diaspor üzvlərinin Azərbaycanın ədalətli mövqeyini, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin Misir və bütün ərəb ölkələrinin ictimaiyyətinə çatdırılması sahəsində görülən işlərdən bəhs edib, bu səylərin gələcəkdə də davam edəcəyini vurğulayıb. Ermənilərin xain xislətindən də bəhs edən diaspor rəhbəri tarixi mənbələrə istinadla diqqətə çatdırıb ki, onlar vaxtilə sığınacaq tapdıqları misirlilərə də xəyanət edib, onlara arxadan zərbə vurublar. O əlavə edib ki, Misirdəki Azərbaycan diasporunun üzvləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən bəri keçirilən “Xocalıya ədalət!” kampaniyasında fəal iştirak edirlər.

Misirli tələbə Fatima Şakirin Azərbaycan dilində söylədiyi Həbib Nəbiyevin Xocalı faciəsinə həsr etdiyi “Bir millətin səsi” şeiri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin Misirdəki EPS dillər mərkəzinin rəhbəri İsra Adil Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb.

Sonda tədbir iştirakçıları səfirlik tərəfindən təşkil olunmuş və Xocalı soyqırımı dəhşətlərini əks etdirən fotostend və kitab sərgisi ilə tanış olublar, həmçinin misirli kinorejissor Əhməd İsmayılın lentə aldığı “Xocalı soyqırımı və itirilmiş ədalət” sənədli filmi nümayiş etdirilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti