Misirdə Ulu Öndərin anadan olmasının 99-cu ildönümü qeyd edilib
Qahirə, 10 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Qalyubiyyə vilayətinin Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq parkında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Misir-Azərbaycan Dostluq parkında Ulu Öndərin heykəli önündə keçirilən tədbirdə Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları, Qalyubiyyə vilayətinin qubernatoru Əbdülhəmid Əl-Hican, Qanatır şəhərinin meri və əməkdaşları, habelə Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi - “Vətənpərvər”in üzvləri, azərbaycanlı iş adamları və tələbələr, media nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini anıb, onun heykəli önünə əklil qoyublar.
Ölkəmizin Misirdəki səfiri Tural Rzayev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz roluna toxunub, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmizin qısa müddət ərzində regionun aparıcı və ən güclü dövlətinə çevrildiyini, dünya dövlətləri sırasında öz layiqli yerini tutduğunu vurğulayıb, Ulu Öndərin bir çox sahələr kimi, müasir Azərbaycan diplomatiyasının da qurucusu olduğunu diqqətə çatdırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə