news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 fevral 2022

Misir qəzeti: Azərbaycan müharibədə itkin düşmüş vətəndaşlarının taleyi barədə Ermənistandan məlumat tələb edir

Qahirə, 13 fevral, AZƏRTAC

Misirin “Əl Masr Əl Yom” qəzetində “Azərbaycan müharibədə itkin düşmüş vətəndaşlarının taleyi barədə Ermənistandan məlumat tələb edir” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmisinin Ermənistanın baş naziri Nikol Paşinyanın son bir il ərzində hələ Birinci Qarabağ müharibəsində itkin düşmüş 108 nəfər azərbaycanlının qalıqlarının Azərbaycan tərəfinə təhvil verildiyi barədə fikirlərinə münasibət yer alıb. Misirli oxucuların diqqətinə çatdırılıb ki, rəsmi Bakı həmin müharibədə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə qarşı tərəfin 30 il məlumat verməməsinin səbəbini soruşub. Azərbaycan XİN-in rəsmisi qeyd edib ki, bununla bağlı indiyədək Ermənistan hökuməti tərəfindən hər hansı açıqlama verilməsə də, 30 ildən sonra itkin düşmüş minlərlə azərbaycanlıdan cəmi 108 nəfərin qalıqlarının verilməsinin səbəbləri sırasında, əlbəttə, azad olunmuş ərazilərimizdə azərbaycanlıların kütləvi məzarlıqlarının aşkar edilməsi və dəlillərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi yer alır.

Məqalədə vurğulanıb ki, Azərbaycan 44 günlük müharibədən dərhal sonra heç bir qarşılıq gözləmədən və hələ Birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş minlərlə azərbaycanlı haqqında Ermənistan tərəfindən hər hansı məlumat verilmədiyi bir halda, humanizm prinsiplərindən çıxış edərək, 1700-dən çox erməni hərbçisinin cəsədini qarşı tərəfə təhvil verib.

Sonda qeyd olunub ki, rəsmi Bakı itkin düşmüş şəxslərlə bağlı məsələni prioritet olaraq gündəlikdə saxlayır və hələ də taleyi barədə hər hansı məlumat olmayan 3700 dən çox azərbaycanlı ilə bağlı bilavasitə məsuliyyət daşıyan Ermənistan tərəfinin növbəti 30 il susqunluğuna icazə verməyəcək.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti