news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 noyabr 2021

Misir mətbuatında Azərbaycan səfirinin Zəfər Gününə həsr olunmuş məqaləsi yayımlanıb

Misir mətbuatında Azərbaycan səfirinin Zəfər Gününə həsr olunmuş məqaləsi yayımlanıb

Qahirə, 5 noyabr, AZƏRTAC

Misirin nüfuzlu “Cümhuriyə” və “Cairo24” qəzetlərində, “Əl Diplomasi”, “Əl Ğad”, “Əl Xabar Əl Hədəf”, “Rayetmısr”, “Yeni dünya xəbərləri” portallarında və “Asiaelyom” agentliyinin saytında Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevin 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məqaləsi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqı Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsi uğrunda aparılan 44 günlük müharibədə böyük Qələbənin ildönümünü qeyd edir.

Müəllif qeyd edir ki, qlobal pandemiya və dərin iqtisadi böhran şəraitində, bütün dünyanın böyük çətinliklərlə üzləşdiyi 2020-ci ildə Azərbaycan dövləti və xalqı Ermənistanın təcavüzünü dəf edə bildi və 30 ilə yaxın işğal altında qalmış ərazilərinin azad edilməsi uğrunda əkshücum əməliyyatlarına başladı. O yazır: “Qeyd etmək lazımdır ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi son iki il ərzində münaqişə ətrafında vəziyyətin gərginləşdirilməsi istiqamətində addımlar atır, təxribat xarakterli bəyanatlarla danışıqlar prosesinə əngəl törədirdi. Eyni zamanda, işğalçı ölkənin Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində təcavüzün qanunsuz nəticələrini möhkəmləndirmək istiqamətində əməlləri davam edirdi. Əslində, Ermənistanın bu siyasəti və bu ölkənin rəsmi şəxslərinin bəyanatları ATƏT-in Minsk qrupunun son 28 ildə yerinə yetirmək istədiyi vasitəçilik missiyasının iflasının əsas səbəbləridir. Hərbi təxribatlarını davam etdirən ermənilər 2020-ci ilin iyulunda Qarabağ bölgəsindən uzaqda yerləşən Tovuz rayonu ilə sərhəddə hərbi təxribat törətdilər, lakin Azərbaycan Ordusunun qətiyyətli cavabı nəticəsində geri çəkilməyə məcbur oldular. Analoji təxribat həmin il sentyabrın 27-də də təkrar olundu və Ermənistan ordusu 2016-cı il Aprel döyüşlərində itirdiyi yüksəklikləri ələ keçirmək məqsədilə Füzuli rayonuna və Qarabağ bölgəsinə hücuma keçdi. Bu təxribat Azərbaycanın səbrini daşıran son damla oldu və beləliklə, 44 gün davam edən, Ordumuzun Qələbəsi ilə başa çatan müharibə başladı. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanatla işğalçı dövlət kapitulyasiya etmiş oldu”.

Məqalədə Azərbaycanın sülhsevər siyasəti, dəfələrlə Ermənistanı BMT Təhlükəsizlik Şurasının işğala son qoyulması və qoşunlarını zəbt edilmiş ərazilərdən dərhal çıxarılmasına dair qətnamələrinə əməl etməyə çağırması, beynəlxalq miqyasda tanınmış sərhədlərə hörmətlə yanaşmağı tələb etməsi barədə məlumat verilib. Lakin Ermənistanın bu qanuni tələblərə məhəl qoymadığını görən Azərbaycan öz gücü ilə həmin qətnamələrin müddəalarını yerinə yetirdi və ərazi bütövlüyünü bərpa etdi.

T.Rzayev qeyd edib ki, Azərbaycan bu son müharibə ilə dünya xalqlarını öz suveren hüquqlarını qorumağa ruhlandırdı və güclü dövlətin ətrafında sıx birləşən cəmiyyətin Qələbənin əsas şərtlərindən biri olduğunu göstərdi. Nəhayət, Azərbaycan bütün dünyaya sərhədlərini, suverenliyini qorumağa qadir bir dövlət kimi, öz öhdəliklərinə sadiq olduğunu və xalqın dirçəlişi naminə fəaliyyət göstərmək əzmini nümayiş etdirdi.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

https://azertag.az/xeber/1918360

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti