news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 mart 2021

Misir mətbuatı Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə yayıb

Misirin “Asiaelyoum” informasiya agentliyi, “Əl Ğad” və “Tahya Masr” portalları Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevin 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü haqqında geniş məqaləsini yayıblar.

Məqalədə müqəddəs kitablarda Allahın yaratdığı bir insanı belə qətlə yetirmək – bütün bəşəriyyəti qətl etmək qədər ağır cinayət, bir insanı yaşatmaq isə bütün bəşəriyyəti yaşatmaq qədər savab olduğu, dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırımı faktlarının bəşəriyyətin qan yaddaşında “qara ləkələr” kimi qaldığı, insanlığa qarşı ən böyük və bağışlanılmaz günahlardan hesab edildiyi qeyd olunur. Diqqətə çatdırılır ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqının məruz qaldığı bu soyqırımı cinayətləri haqqında daha geniş məlumata malik olmalı, onlara ədalətli qiymət verməlidır. Azərbaycanlılara qarşı törədilmiş bu ağır cinayətlər, təqiblər, onların doğma torpaqlarından didərgin salınması XX əsr tarixinin ən faciəli səhifələrindən biridir. “Böyük Ermənistan” yaratmaq kimi xəstə xülya ilə yaşayan ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri qırğınlar keçmişin ən vəhşi cinayətləri sayıla bilər.

Müəllif hələ çar Rusiyası dövründə ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarlında məskunlaşdırılması, həmin vaxtdan erməni millətçilərinin Türkiyə, Gürcüstan və Azərbaycan torpaqlarını ələ keçirmək planları qurması, 1905-1907-ci illərdə Bakı, Zəngəzur, İrəvan, Naxçıvan, Şamaxı və Qazaxda dinc əhaliyə qarşı qırğınlar törətməsi və 1918-ci ilin martında Azərbaycanın bir çox şəhərlərində ağır cinayətlərə əla atması, 50 mindən çox dinc insanı qətlə yetirməsi barədə tarixi faktlara əsaslanan geniş məlumat verilir.

Məqalədə diqqətə çatdırılır ki, ermənilər etnik təmizləmə və soyqırımı siyasətini XX əsrin 80-ci illərinin sonu və 90-cı illərində də davam etdirərək, Xocalı soyqırımı kimi dünyanın ən dəhşətli faciəsini törətmiş, Azərbaycan torpaqlarının 20 faizini işğal etmişlər. Nəhayət, səbir kasası daşan Azərbaycan xalqı işğalçı Ermənistanın 2020-ci ilin iyul-sentyabrında törətdiyi hərbi təxribatlara qarşı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşib, rəşadətli Ordumuz sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən müharibədə azğın düşməni darmadağın edərək torpaqları işğaldan azad edib. Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyünün təmin edilməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini də yerinə yetirib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti