Misir məktəbində Azərbaycan dili kursunun şagirdləri ilə görüş keçirilib.
Misir məktəbində Azərbaycan dili kursunun şagirdləri ilə görüş keçirilib.
Misirin Qalyubiyyə qubernatorluğunun əl-Ubur şəhərindəki xarici dillər məktəbinin rəhbər heyəti və Azərbaycan dili kursunda təhsil alan şagirdlərlə görüş keçirilib. Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Azərbaycan dilinə maraq göstərdikləri üçün şagirdlərə təşəkkürünü bildirib. Tədbirdə misirli uşaqların uşaqların ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri səsləndirilib, Azərbaycan rəqsləri təqdim olunub. Azərbaycan dili kursunda oxuyan uşaqlara səfirliyin hədiyyələri verilib.
Məktəb rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan dili kursuna marağın artdığı qeyd olunub və kursun davamlı olması barədə razılıq əldə olunub. Bildirilib ki, Xırdalan şəhərində yerləşən “Misir dostluğu” məktəbi ilə əməkdaşlıq əlaqələri mövcuddur.
Əl-Ubur şəhər məktəbində, ümumilikdə 2400 şagird təhsil alır. Azərbaycan səfirliyi məktəbin bu il məzun olacaq 12-ci sinif şagirdlərinə ölkəmizlə bağlı xatirə hədiyyələri təqdim edəcək.
Qeyd edək ki, adı çəkilən məktəbdə Azərbaycan dilinin tədrisinə ötən ilin dekabrından başlanıb. Azərbaycan səfirliyinin dəstəyi ilə təşkil olunan kursda ilkin olaraq 5-ci sinifdən 24 şagird təhsil alır. Tədrisi Azərbaycan dili müəllimi, azərbaycanşünaslıq üzrə misirli tədqiqatçı Əsma Əhməd aparır.