news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 mart 2022

İƏT ölkələri jurnalistlərinin assosiasiya üzvləri Ağdamda erməni vəhşiliyinin şahidi olublar

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin jurnalistlərinin assosiasiyasının üzvləri Füzuli və Şuşadan sonra Ağdam şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, İraq, Mavritaniya, Mərakeşdən olan jurnalistlər, eləcə də İƏT-ə üzv dövlətlərin jurnalistlərinin assosiasiyasının nümayəndələri səfər zamanı Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar. Qonaqlar İmarət kompleksində, Dram teatrının və Çörək muzeyinin qalıqları olan ərazilərdə, Cümə məscidində olub, erməni vandalizmini gözləri ilə görüblər.

İƏT-in üzv dövlətləri Jurnalistlər Assosiasiyasının sədri Fazil Abbasov jurnalistlərə müsahibəsində bildirib ki, 6 ərəb ölkəsindən, eləcə də Pakistan və Hindistandan olan jurnalistlər əvvəlcə Füzuli və Şuşada olublar. “Xarici jurnalistlərin təəssüratları olduqca böyükdür. Onlar, xüsusilə Zəfər yoluna heyran olublar. Azərbaycan xalqının, Müzəffər Ali Baş Komandanın, Azərbaycan Ordusunun rəşadətinə İslam dünyasında böyük qiymət verildiyini bildirdilər. Ona görə ki, son 150 ildə İslam dünyasında həmişə torpaqlar itirilib, amma qaytarılmayıb. Yeganə Azərbaycan dövlətidir ki, itirilmiş torpaqları geri qaytarıb”.

İraqın “Dostluq” qəzetinin redaktoru, Azərbaycan- İraq dostluq cəmiyyətinin sədri Mutəzz Muhy Əbdülhəmid işğaldan azad edilmiş ərazilərdə gördüklərindən təsirləndiyini deyib: “Bura gəlməyimdən çox məmnunam. Biz işğaldan azad olunan əraziləri gəzdik, çox təsirləndik. Azərbaycanın qəbiristanlıqlarının, müqəddəs yerlərin dağılması bizə çox böyük təsir elədi. Biz “dəmir yumruğa” heyran olduq. Biz həmişə Prezident İlham Əliyevi izləyirdik. Dəmir yumruq bunların başlarında çatladı. Fəxr edirik ki, Azərbaycan torpaqlarını qaytardı, düşmənə qalib gəldi. Bu İslam dünyası, bizim hamımız üçün bir nümunədir”.

Misirin “Əl-Diploması” saytının rəhbəri Ashraf Abdulmonim Ahmed Aboarafe isə deyib: “Çox təəssüf ki, qərb ermənilərin törətdikləri vəhşiliklərə göz yumdu. Amma BMT-nin 4 qətnaməsini Azərbaycan özü yerinə yetirdi. Biz səfər zamanı gəzdik, erməni vəhşiliklərini gördük. Müqəddəs yerlərdə biabırcasına heyvanlar saxlanılıb, dağıdılıb. Buradan ermənilərə səslənirəm ki, bəsdirin. Bütün İslam dünyası Azərbaycanın yanındadır. Həmişə səsimizi Azərbaycanın səsinə qatacağıq. Bütün bu hadisələrin hamısını yaymışıq, yenə də yayacağıq”.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti