Baş nazir Əli Əsədov Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 25-də Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşat ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Misir dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Bakı şəhərində keçirilən Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyasının 5-ci iclasının və Azərbaycan-Misir biznes-forumunun iki ölkə arasında ticarət-iqtisadi, investisiya və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Misir arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişaf perspektivləri müzakirə edilib.