news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 dekabr 2021

Azərbaycanla Misir arasında ikitərəfli mədəni münasibətlər daha da möhkəmləndiriləcək

Bakı, 8 dekabr, AZƏRTAC

Misir Ərəb Respublikasına səfəri çərçivəsində mədəniyyət naziri Anar Kərimov misirli həmkarı İnes Abdel-Dayem ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev və Qahirə Opera Teatrının direktoru Maqdi Sabir də iştirak ediblər.

Qonaqları səmimi salamlayan Misir Ərəb Respublikasının mədəniyyət naziri İnes Abdel-Dayem iki ölkə arasında opera, kinematoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb. Misirlə Azərbaycan arasında dostluq, mədəni əməkdaşlıq münasibətinin bundan sonra da uğurla davam etdiriləcəyinə inamını ifadə edib.

A.Kərimov dəvət üçün həmkarına təşəkkürünü bildirdikdən sonra Azərbaycanla Misir arasındakı əməkdaşlığın bir çox sahədə uğurla davam etdiyini vurğulayaraq, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, mədəniyyət sahəsində tərəfdaşlığı yüksək dəyərləndirdiyini deyib. O bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Misirin zəngin irsinin geri qaytarılması yolunda öz səylərini əsirgəmir. Azərbaycanın öz növbəsində qədim mədəniyyət mərkəzi sayılan əsrarəngiz Qahirə şəhərinin incəsənət, muzey və digər sahələrdə çoxşaxəli təcrübəsindən yararlanmaq niyyətində olduğunu da vurğulayıb.

Nazir, eləcə də Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş Bakı Prosesi haqda məlumat verərək, “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsünün də əsasının qoyulduğunu bildirib. Azərbaycanın bölgədə sülhü qorumaq üçün bir sıra mühüm layihələrə imza atdığını vurğulayıb.

Görüş tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi ilə davam edib.

https://azertag.az/xeber/1945864

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti