news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 fevral 2022

Azərbaycanın səfiri Misir mətbuatında Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş məqalə ilə çıxış edib

Qahirə, 24 fevral, AZƏRTAC

Misirin “Cümhuriyə”, “Dustur”, “Asia Əl Yom”, “Əl Diplomasi”, “Ğarb”, “Əl Əlmelar”, “Əl Nuhud”, Rayetmısr” və digər qəzet və portallarında Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevin Xocalı soyqırımının 30 illiyi barədə məqaləsi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının 30-cu ildönümündə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin, o cümlədən qadın, uşaq və ahılların xatirəsini andığı bildirilir. Səfir qeyd edir ki, bütün dünya erməni quldurlarının törətdikləri bu qəddar qırğını pisləyib.

Yazıda faktlar və sənədlər əsasında Xocalı soyqırımı barədə misirli oxuculara ətraflı məlumat verilib. Diplomatımız yazıb: “1992-ci il fevralın 25-dən 26-na keçən o məşum gecə yüzlərlə günahsız insan qətlə yetirilib, onların yeganə “suçu” isə azərbaycanlı olmaları idi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamədə də erməni silahlı qüvvələrinin mülki əhaliyə qarşı hücumları beynəlxalq humanitar qanunların ciddi şəkildə pozulması kimi qiymətləndirilib”.

Məqalədə Xocalı qırğını şahidlərinin dili ilə ermənilərin insanlığa qarşı cinayət faktları – insanların başlarının dərisinin soyulması, hamilə qadınının başının kəsilməsi və sairləri diqqətə çatdırılıb. T.Rzayev vurğulayıb ki, Ermənistanın bu ağır cinayətləri gizlətmək cəhdlər uğursuzluqla nəticələnib, çünki beynəlxalq jurnalistlər şahidlərin ifadələrinə və sənədli materiallara istinadla bu dəhşətli qırğın haqqında həqiqətləri bütün dünyada yayıblar. Ermənistanın sabiq prezidenti, əli Xocalı sakinlərinin qanına batmış Serj Sarkisyanın etirafları da göstərdi ki, bu soyqırımı aktı qəsdən törədilib.

Sonda diplomatımız qeyd edib ki, erməni vəhşiliyinin əksinə olaraq, Azərbaycan Ordusu 44 günlük müharibə zamanı və ondan sonrakı dövrdə istər mülki əhaliyə, istərsə də düşmənin hərbi əsirlərinə münasibətdə humanizm prinsipindən çıxış edib. Təəssüf ki, Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti yürüdüb, tarixi-mədəni irs nümunələrini, o cümlədən İslam abidələri və məscidləri dağıdıb və təhqir edib. Hazırda Azərbaycan xalqı öz müdrik lideri İlham Əliyevin rəhbərliyi ilə ermənilərin viran qoyduqları tarixi abidələri, məbədləri bərpa edir.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti