Azərbaycanın Misirdəki səfirliyində iftar süfrəsi açılıb
28 May-Respublika Günü münasibətilə Azərbaycanın Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilməkdədir.
AZƏRTAC xəbər verir ki, 28 May-Respublika Günü münasibətilə ölkəmizin Misirdəki səfirliyində bu ölkənin tanınmış ictimai-siyasi xadimləri, politoloqlar və jurnalistlər üçün iftar süfrəsi açılıb.
Azərbaycanın Misirdəki səfiri Tural Rzayev 28 May-Respublika Günü haqqında geniş məlumat verib, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində gördüyü işlərdən danışıb.
1991-ci ildə Azərbaycan xalqının müstəqilliyini bərpa etdiyini bildirən diplomat 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmizin inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. O, ölkəmizin böyük sınaqlardan keçərək, hazırkı inkişaf mərhələsinə gəlib çatdığını, Cənubi Qafqazda lider ölkə olduğunu, dünya ölkələri, o cümlədən ərəb və müsəlman dünyası ilə sıx əməkdaşlıq etdiyini deyib. O, Misir ilə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən diplomat Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin düşdüyünü qeyd edib.
Son illər ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini söyləyən T.Rzayev ölkəmizin mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyi, regionda turizm mərkəzinə çevrildiyi diqqətə çatdırıb. Cari ilin oktyabrında Azərbaycanda Qoşulmama Hərəkatının (QH) zirvə toplantısının keçiriləcəyini vurğulayan səfir Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin həmin zirvə toplantısında iştirak edəcəyinə ümid etdiyini söyləyib.
Daha sonra səfir tədbirdə iştirak edən jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, tədbir Misir mətbuatında geniş şəkildə işıqlandırılıb.