news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 fevral 2022

Azərbaycan səfirliyi Misir mətbuatında ölkəmizlə bağlı böhtan xarakterli iddiaları ifşa edən bəyanatla çıxış edib

Qahirə, 23 fevral, AZƏRTAC

Azərbaycanın Misirdəki səfirliyi nüfuzlu “Əl Masr Əl Yom” qəzetinin saytında Ermənistan tərəfinə istinadla yayılmış yanlış məlumatları ifşa edən bəyanatla çıxış edib. Diplomatik nümayəndəliyimizin mətbuat üçün bu açıqlaması həmin qəzetdə dərc olunub.

AZƏRTAC xəbər verir ki, səfirliyin bəyanatında ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan ərazilərində İslam irsi abidələrini dağıtmaları, məscidləri təhqir etmələri barədə ətraflı məlumat verilib. Diplomatik nümayəndəliyimiz Misir ictimaiyyətinin diqqətinə çatdırıb ki, Ermənistanın BMT-dəki daimi nümayəndəsinin müavininin guya Qarabağda ermənilərə aid olan abidələrin vandalizmə məruz qalması barədə iddiaları tamamilə yalandır. Əksinə, işğalçı ölkə Azərbaycan ərazilərində qədim abidələri və məbədləri dağıtmaqla bəşəriyyətə qarşı cinayət törədib. Belə ki, yüzlərlə mədəni irs abidəsi məhv edilib. Ermənistanın törətdiyi bu əməllər silahlı münaqişələr zamanı mədəni irsin qorunmasına dair Haaqa Konvensiyasının (1954-cü il), arxeoloji irsin mühafizəsinə dair UNESCO-nun Konvensiyasının (1972-ci il) müddəalarının kobud şəkildə pozulmasıdır və işğalçı dövlət buna görə cinayət məsuliyyəti daşıyır.

Səfirliyin bəyanatında Ermənistanın işğalı dövründə dağıdılmış məscidlər, həmçinin tarixi abidələr və muzeylər, digər mədəniyyət obyektləri barədə rəqəmlər və faktlar əsasında məlumat yer alıb. Qeyd olunub ki, ermənilər təkcə Qarabağda deyil, həmçinin tarixi Azərbaycan torpaqları olan və hazırkı Ermənistan ərazisində yerləşən məscidləri də məhv ediblər. Həmçinin diqqətə çatdırılıb ki, İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Küveyt, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri və Fil Dişi Sahilində keçirilmiş sessiyalarında Ermənistanın törətdiyi bu əməlləri pisləyən qətnamələr qəbul olunub.

Sonda Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının 18-ci Sammitindəki çıxışından aşağıdakı sitat Misir ictimaiyyətinin diqqətinə çatdırılıb: “Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilmişdir. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirir”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti