AR-ın Misirdəki səfiri Tural Rzayevin Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar məqaləsi Sudanın KİV-lərində
AR-ın Misirdəki səfiri Tural Rzayevin Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar məqaləsi Sudanın nüfuzlu xəbər saytlarında işıqlandırılmışdır.
Qeyd edək ki, məqalə Vətən müharibəsində ölkəmizin qazandığı qələbə fonunda yeni məzmun və çalarlar əsasında yazılmışdır.
Belə ki, səfir T.Rzayev Xocalı soyqırımının 29-cu il dönümünün bu il Azərbaycanda ötən illərlə müqayisədə fərqli şəkildə anıldığını, müharibədən qalib çıxmış xalq və ölkədə qələbə abu-havasının yaşandığı bir şəraitdə keçirildiyini vurğulamışdır.
Səfir 2020-ci ilin 27 sentyabr tarixindən davam etmiş 44 günlük müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun döyüş meydanında işğalçı dövlətin silahlı qüvvərinə qarşı vuruşaraq, zəfər çaldığını söyləmişdir.
Həmçinin vurğulamışdır ki, müharibə vaxtı Tərtər, Gəncə, Bərdə, Mingəçevir, Ağdam kimi mülki şəhərlərə atılmış raket hücumları nəticəsində şəhid olmuş dinc əhalinin cavabını ordumuz Ermənistandan fərqli olaraq dinc erməni əhalisinə deyil, hərbi xuntaya vermişdir.
Səfir bu qələbə ilə həm erməni işğalına, həm də erməni faşizminə son qoyulduğunu bildirmişdir.
30 ilə yaxın davam etmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu danışıqları ilə həll səylərinin heç bir nəticə vermədiyini, BMT TŞ tərəfindən qəbul edilmiş qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdıran səfir Azərbaycanın səbrinin tükəndiyini, işğalçı dövlətin təxribatlarına cavab olaraq, əks hücuma başladığını, BMT TŞ-nın və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarını hərbi və siyasi yolla həyata keçirdiyini, nəhayət torpaqlarımızın azad olunduğunu qeyd etmişdir.
Məqalədə Xocalı soyqırımının 26 fevral 1992-ci il tarixində SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədildiyi, 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 dinc sakinin amansızcasına qətlə yetirildiyi, 1000 nəfərin yaralandığı, 1275 xocalının əsir və 150 xocalının itkin düşdüyü oxucuların diqqətinə çatdırılmış, soyqırımdan öncə baş vermiş hadisələr və həmin faciənin nəticələri barədə müfəssəl məlumatlar təqdim edilmişdir.
Linklər əlavə olunur: