AR-ın Misirdəki səfiri Tural Rzayevin Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik “Masr Əl-Yaum” qəzetinə verdiyi eksklüziv müsahibəsi həmin qəzetdə dərc olunmuşdur
Səfir T.Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq, 20 faiz torpaqlarımızın Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunduğunu, işğal nəticəsində bir milyondan çox insanın qaçqın və köçkün vəziyyətinə düşdüyünü, işğal olunmuş ərazilərdə mülki obyektlərin, tarixi, dini, mədəni abidələrin məhv edildiyini, dağıdılmış məscidlərdə heyvanların və dozunların saxlandığını vurğulamışdır.
T.Rzayev müsahibəsində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlarımızdan dərhal, qeyd-şərtsiz çıxarılmısını tələb edən beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara toxunaraq, ATƏT-in Minsk qrupunun otuz ilə yaxın davam edən sülh danışıqlarındakı vasitəçiliyinin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyi səbəbilə nəticə vermədiyini, Ermənistanın münaqişə ilə bağlı status-kvonu saxlamağa yönəlmiş siyasət yürütdüyünü, işğal olunmuş ərazilərə digər ölkələrdən erməniləri köçürərək, qeyri-qanuni məskunlaşdırma siyasəti apardığını diqqətə çatdırmışdır.
Ermənistan tərəfinin mütəmadi şəkildə atəşkəsi pozduğunu qeyd edən səfir son aylar ərzində işğalçı ölkənin intensiv xarakter daşıyan hərbi təxribatlarına toxunmuş, bununla bağlı Azərbaycan tərəfinin etdiyi xəbərdarlıqlarına məhəl qoymaraq, cari ilin 27 sentyabr tarixində yenidən hərbi təxribata əl ataraq, mülki vətəndaşlarımızı və obyektlərimizi hədəf aldığını bildirmişdir. Azərbaycanın silahlı qüvvələrinin haqlı olaraq, işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinə qarşı əks hücuma keçdiyini qeyd edən səfir ordumuzun son günlər ərzində işğal olunmuş ərazilərin bir hissəsini düşmən tapdağından azad etdiyini və döyüşlərin hələ də davam etdiyini nəzərə çatdırmışdır.
Səfir bəzi mətbuat orqanlarında yayılan dezinformasiyalara da aydınlıq gətirərək, Azərbaycanın güclü ordusu olduğunu və bu ordunun ən müasir silahlarla təchiz olunduğunu, ona görə də hər hansı ölkənin hərbi dəstəyinə və ya muzdlu döyüşçülərə ehtiyac görmədiyini xüsusi olaraq, vurğulamışdır.
Müsahibənin sonunda səfir T.Rzayev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı dəstəkləyən dövlətlərə təşəkkürünü bildirmişdir.