28 May - Respublika Günü Misirin aparıcı KİV-lərinin diqqətində
Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin 28 May - Respublika Günü ilə bağlı məqaləsi bu ölkənin geniş oxucu kütləsinə malik xəbər agentlikləri (Yaxın Şərq Xəbərlər Agentliyi, Asiaelyoum Xəbərlər Agentliyi) və qəzetlərində (“Əl-Cumhuriyyə”, “Əl-Əxbar”, “Egyptian Gazete”, “Dostor”, “Əl-Məsai”, “Əl-Diplomasy” və s.) yayılıb.
Məqalədə səfir 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə təşəkkül tapmış Azərbaycan Xalq Cümhuriyyətinin Şərqin ilk respublikası olduğunu qeyd edib. SSRİ-nin dağılmasından sonra Cümhuriyyətin legitim varisi kimi Azərbaycan Respublikasının yenidən öz müstəqilliyinə qovuşduğunu qeyd edən səfir ölkəmizin son illər ərzində sürətlə inkişaf etdiyini vurğulayıb, lakin buna baxmayaraq, Azərbaycanın qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olduğunu qeyd edib. Səfir Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulduğunu qeyd edərək, BMT TŞ tərəfindən 1993-cü ildə qəbul olunmuş dörd qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini diqqətə çatdırıb.
1990-cı illərin əvvəllərində yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın çox çətin dövrlər yaşadığını qeyd edən səfir hakimiyyətin bir neçə dəfə dəyişdiyini, daxildən və xaricdən bir çox təzyiqlərlə üzləşdiyini bildirərək, nəhayət, 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə ciddi dəyişikliklərin həyata keçirilməsinə başlanıldığını vurğulayıb. Məhz Ulu Öndərin müdrik siyasəti ilə qısa zaman ərzində dövlətin əsaslarının gücləndiyini qeyd edən səfir işğalçı Ermənistan tərəfi ilə atəşkəslə bağlı razılaşmanın əldə olunduğunu bildirib, Ümummilli Lider tərəfindən milli enerji strategiyasının işlənildiyini və onun rəhbərliyi ilə 1994-cü ildə dünyanın müxtəlif şirkətlərinin iştirak etdiyi və dəyəri 50 milyard ABŞ dolları olan “Əsrin müqaviləsi”nin imzalandığını Misir ictimaiyyətinin diqqətinə çatdırıb.
Son illər ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan T.Rzayev ölkəmizin regionda turizm məkanına çevrildiyini, dünya ölkələri, o cümlədən ərəb və müsəlman dünyası ilə viza rejiminin sadələşdirildiyini, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini qeyd edib.