2020-07-22
Misirdə “Azərbaycan: Ermənistanın təcavüzü, səbəblər və nəticələr” mövzusunda videokonfrans təşkil edilib - FOTO

İyulun 22-də Azərbaycanın Misirdəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Misirin tanınmış "Dialoq Siyasi Araşdırmalar və Media" mərkəzi ilə birgə "Azərbaycan: Ermənistanın təcavüzü, səbəblər və nəticələr" mövzusunda videokonfrans keçirilib. Tədbirdə Misirin ictimai siyasi xadimləri, tədqiqatçı və jurnalistləri, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından tədqiqatçı və jurnalistlər, həmçinin Azərbaycanın şərqşünasları və media nümayəndələri iştirak ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, videokonfransın açılışında çıxış edən ölkəmizin Misirdəki səfirliyinin ikinci katibi Emil Rəhimov Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi uğurlardan və nüfuzundan bəhs edib. Qeyd edib ki, ölkəmiz regionun güclü və qüdrətli dövlətinə çevrilib, dünya ölkələri ilə sıx əməkdaşlıq edir. Azərbaycanın qarşısında duran yeganə problemin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdıran diplomat son günlər ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş erməni təxribatlarına toxunub, Ermənistanın atəşkəs rejimini mütəmadi şəkildə pozduğunu, BMT TŞ-nin məlum qətnamələrini indiyədək yerinə yetirmədiyini vurğulayıb. E.Rəhimov beynəlxalq ictimaiyyətə müraciət edərək, qəbul edilmiş qətnamə və qərarlardan irəli gələrək, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün Ermənistana daha ciddi təzyiqlər göstərməyə çağırıb və ölkəmizə siyasi dəstək göstərən dost və qardaş ölkələrə də təşəkkürünü bildirib. O, Azərbaycan Ordusunun qüdrətindən söz açıb, Silahlı Qüvvələrimizin öz sərhədlərimizi müdafiə etməyə qadir olduğunu da xüsusi olaraq qeyd edib.

Misirin Qahirə Universitetinin Siyasi elmlər və iqtisadiyyat fakültəsinin professoru Nurhan əl-Şeyx çıxış edərək, Azərbaycanın haqlı mövqeyinə toxunub, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara söykənərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğulayıb. O, Ermənistanı münaqişəni hərbi yol və təxribatlara əl atmaqla deyil, sülh danışıqlarına sadiq qalaraq həll etməyə dəvət edib.

Misirin Helvan Universitetinin doktoru Adil Dərviş çıxışında qeyd edib ki, Azərbaycanın tarixində çoxlu sayda erməni təxribatları və soyqırımları var. O, Ermənistanın son hərbi təxribatını da kəskin şəkildə pisləyib.

Videokonfransda çıxış edən Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin ikinci katibi İmran Sadıxov belə bir tədbirin ölkəmiz üçün həssas bir məqamda keçirildiyini vurğulayaraq qeyd edib ki, iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilən hərbi təxribat İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qətiyyətlə pislənilib. Diplomat Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən olan, Ermənistanın Azərbaycana hərbi təcavüzü səbəbindən işğalçı ölkə ilə diplomatik əlaqələrdən imtina edən, Azərbaycanla bağlı həmişə prinsipial və ədalətli mövqe nümayiş etdirən Səudiyyə Ərəbistanının son hadisələrlə bağlı verdiyi bəyanata toxunaraq bildirib ki, İslam dünyasında böyük nüfuza malik olan Krallığın mövqeyi digər müsəlman dövlətləri üçün nümunədir. Diplomat ölkələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini, ilk növbədə, beynəlxalq hüququn aliliyi prinsipi əsasında müəyyənləşdirməli olduqlarını diqqətə çatdırıb.

İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyinin xarici işlər bürosunun direktoru Hazim Əbduh çıxışında İƏT-in Azərbaycanın haqlı mövqeyini əks etdirən davamlı bəyanatlar səsləndirdiyini, Ermənistan tərəfindən atəşkəsin mütəmadi şəkildə pozulmasını və təxribatlara əl atmasını qəti şəkildə pislədiyini diqqətə çatdıraraq, mətbuatın doğru və dürüst məlumatları çatdırmaqda böyük məsuliyyət daşıdığını qeyd edərək feyk xəbərlərin yayılmasını şiddətlə qınayıb.

"Dialoq Siyasi Araşdırmalar və Media" mərkəzinin müdiri Əhməd Tahir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün beynəlxalq ictimaiyyətin ciddi dəstəyinə və işğalçı dövlətə daha çox təzyiq göstərməsinə əvvəlkindən çox ehtiyac duyulduğunu vurğulayıb və Ermənistana silah satan bəzi ölkələrin Ermənistanın məkrli planlarını həyata keçirməyə yardımçı olmasını pisləyib.

AZƏRTAC-ın ərəb dilində informasiya bölməsinin müdiri Şıxəli Əliyev diqqətə çatdırıb ki, son günlər cəbhə xəttində, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisələrin ictimaiyyətə çatdırılması sahəsində KİV-lərin üzərinə böyük məsuliyyət düşür. O əlavə edib ki, səkkiz dildə informasiyalar yayan Azərbaycanın rəsmi agentliyi - AZƏRTAC Ermənistan silahlı qüvvələrinin hücumu ilə alovlanan toqquşmaların fonunda dövriyyəyə buraxılan dezinformasiyalar və feyk xəbərlərin üzə çıxarılması, daxili auditoriyanı və xarici KİV-ləri etibarlı və düzgün informasiya ilə təmin edilməsinə töhfə verib.

AMEA-nın Şərqşünaslıq İnstitutunun Şərq və Qərb şöbəsinin müdiri Məmmədəli Babaşlı və Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Gülər Qafqazlı mövzu ilə bağlı fikirlərini paylaşaraq, Azərbaycanın İslam dünyasının ayrılmaz bir hissəsi olduğunu, ölkəmizin müsəlman ölkələrinin siyasi dəstəyinə ehtiyac duyduğunu bildiriblər. Ermənistanın Müsəlman dünyası ilə yaxınlaşma siyasətinin onun məkrli planı olduğunu və Azərbaycanın işğal olunmuş torpaqlarında tarixi, mədəni və dini abidələri dağıdaraq, törətdiyi vandalizmi ört-basdır etmək məqsədi daşıdığını vurulayıblar. Eyni zamanda, ərəb-müsəlman dünyasını Ermənistanla münasibətlərində bitərəf mövqedən deyil, Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini xatırlamalı olduğunu və ölkəmizin bu məsələdəki narahatlığını və həssaslığını nəzərə almalarını diqqətə çatdırıblar.

https://news.milli.az/politics/867919.html

növbəti xəbər əvvəlki xəbər