2020-07-16
Azərbaycanlı səfir: “Misir cəmiyyəti cəbhədə baş verənlərdən narahatdır və “dualarımız sizinlədir” söyləyir”

Ermənilərin iyulun 12-dən başlayaraq təxribatlar törətməsi  barədə xəbərləri eşidən kimi hamımız səfirliyə toplaşmışıq.  Cəbhə ilə bağlı rəsmi məlumatlar əldə edən kimi Misir ictimaiyyətinə, eləcə də, ərəb dünyasına operativ formada çatdırmağa çalışırıq. İyulun 12-dən 13-nə keçən gecə cəbhənin Tovuz istiqamətində döyüşlər başlayıb. İyulun 13-dən isə Misirin bir sıra informasiya agentlikləri cəbhədə baş verənləri obyektiv işıqlandırırlar”.

Bu fikirləri Modern.az-a Azərbaycanın Misirdəki səfiri Tural Rzayev deyib.

“Hamımız işdəyik”

Diplomat Müdafiə Nazirliyinin rəsmi məlumatlarını da operativ formada yaydıqlarını qeyd edib:

“Misir ictimaiyyəti də cəbhədə baş verənlərdən narahatlıqlarını dilə gətirir. Həm Misir siyasətçiləri, həm görkəmli ictimai xadimlər, eləcə də, xarici ölkələrin Misirə akkreditə olunmuş səfirlikləri tərəfindən zənglər olur. Cəbhədəki vəziyyətlə maraqlanırlar.  Onlar da narahatdırlar və “dualarımız sizinlədir” söyləyirlər. Hamımız işdəyik və bu məsələlərlə də yaxından məşğul oluruq”.

“Diplomat olaraq əminliklə deyirəm ki...”

Tural Rzayev Ermənistan tərəfinin aqressiv addımlarına Azərbaycan Ordusunun layiqli cavab verdiyini əlavə edib.

“Baş verənlərlə bağlı hərəkət etməli və daima fəaliyyətdə olmalıyıq. Hər birimiz öz sahəmizdə Ermənistana qarşı fəaliyyətimizi davam etdirməliyik. Bir diplomat olaraq əminliklə deyirəm. Azərbaycanın güclü ordusu,  mərd oğulları və əsgərləri var. Onlar cəbhədə düşmənə layiqli cavab verirlər və nə lazımdırsa edəcəklər”.

“O polis sənin qardaşındı”

Misirdəki səfirimiz iyulun 14-də keçirilən yürüşə də münasibət bildirib:

“Yürüşü,  bayrağımızın dalğalandığnı görəndə, vətəndaşlarımızın  Ali Baş Komandanımızın yanında olduqları şüarlarını səsləndirəndə böyük qürur hissi yaşadım. Bu, bizim üçün bir şərəf idi. Belə halların  baş verməsi  diplomatları da ruhlandırır. Diplomat olaraq missiyamız münaqişənin beynəlxalq səviyyədə ədalətli həllinə nail olmaqdır. Ancaq o günkü yürüşdən istifadə edən “beşinci kolon”,  aramızda olan düşmənlər, təxribatçılar yürüşü öz maraqları çərçivəsində fırlatmağa çalışdılar. Təəssüf ki, təxribat baş verdi və qarşısı alındı. Tovuzda, Qarabağda,  Naxçıvanda vuruşan əsgərlərimiz bizim övladlarımızdı. Bu çətin vəziyyətdə Bakı küçələrində tibbi maskada,  formada günün altında çalışan polislərimiz də bizim övladlarımızdı. Yürüşdə insanlarımızın qarşısına çıxan erməni polisidirmi?! Onunla sənin nə alıb verəcəyin var?! O polis sənin qardaşındır. Bu gün burda dayanıbsa, sabah əmr olan kimi Qarabağa, Tovuza və digər yerlərə döyüşməyə gedəcək.  Amma bu gün polisə qarşı heç bir zorakılıq yolverilməzdir. Sən polisin üzərinə gedirsən, ancaq o sənə heç nə edə bilmir. Nə qışqırmağa, nə də söyməyə haqqı var”.

“Bu teatrı görmüşük”

Səfir cəbhədə hərbçilərə dəstəkdən də söz açıb:

“Hazırda Milli Məclisin deputatları, jurnalistlər cəbhə bölgəsindədir. Hərbçilərimizə dəstək verirlər. İnsan hüquqları üzrə müvəkkilimiz də cəbhə bölgəsindədir. Bunların hamısı hərbçilərimizə  dəstək xarakteri daşıyır. Belə bir məqamda kimlərsə gəlib parlamentin binasına daxil olub təxribat törədir. Buna nə ad vermək olar?!

Həyat təcrübəmdən istifadə edərək deyə bilərəm ki, bu teatrı 1990-cı illərdə biz görmüşük. O vaxtlar belə bir vəziyyət olanda parlamentin binasına daxil olundu, cəbhədən qüvvələr çəkildi və nəticədə Şuşa getdi. Sanki kimsə o vaxtkı sənədləri çıxarıb və deyib ki, “gəlin,  eyni ssenarini davam etdirək”. Digər bir məqamı da deyim. Siyasi partiyalarımızın bəyanatını oxudum. Bu çox gözəl haldır. Diplomatiyada bizi güclü edən bu cür hadisələrdir”.

https://modern.az/az/news/248435

növbəti xəbər əvvəlki xəbər