Vizanın anlayışı, növləri, kateqoriya və məqsədləri

Anlayışı

Viza – əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycan Respublikasına gəlməsinə və Azərbaycan Respublikasından getməsinə, vizada göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verən rəsmi sənəddir.

Növləri

Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vizaların giriş və tranzit növləri vardır. Girişlərin sayına görə giriş vizası birdəfəlik və çoxdəfəlik vizalara, tranzit vizası isə birdəfəlik və ikidəfəlik vizalara bölünür.

  1. Birdəfəlik giriş vizası – bu növ vizanın etibarlıq müddəti 90 günədək müəyyən olunur. Bu viza göstərilən müddət ərzində əcnəbi və vətəndaşlığı olmayan şəxsə ölkəyə yalnız bir dəfə giriş-çıxış həyata keçirməyə icazə verir.
  2. Çoxdəfəlik giriş vizası - bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur. Bu viza əcnəbi və vətəndaşlığı olmayan şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.
  3. Birdəfəlik və ikidəfəlik tranzit vizası– üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Bu növ vizaların etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddəti ərzində və məqsədlə ölkə ərazisində qala bilərlər. Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.

Kateqoriya və Məqsədləri

Giriş vizası diplomatik, xidməti və adi kateqoriyalara bölünür.

  1. Diplomatik və xidməti kateqoriyalı giriş vizaları yalnız rəsmi səfər məqsədi ilə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
  2. Adi kateqoriyalı giriş vizasını aşağıda qeyd olunan məqsədlərlə Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslər əldə edə bilərlər:
  • İşgüzar
  • Elm
  • Təhsil
  • Əmək
  • Turizm
  • Mədəniyyət
  • İdman
  • Humanitar
  • Müalicə
  • Şəxsi səfər

Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.