2021-02-26

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar AR-ın Misirdəki səfirliyində anım mərasimi keçirilmişdir.

Anım mərasimində Misirin ictimai-siyasi xadimləri, KİV-nin nümayəndələri, Azərbaycan diasporası və tələbələr iştirak etmişlər. 

 Anım mərasimini giriş sözü ilə açan AR-ın Misirdəki Səfirliyinin müvəqqəti işlər vəkili Polad Heydərov Azərbaycan xalqının bu il Xocalı soyqırımının 29--cu ildönümünü qeyd etdiyini vurğulamış, Xocalı qətliamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə məlumat vermişdir. Diplomat əlavə olaraq, vurğulamışdır ki, bu il Xocalı soyqırımının anım mərasimi Vətən müharibəsində ölkəmizin qazandığı qələbə fonunda yeni məzmun və çalarlar əsasında keçirilir.

Səfirliyin ikinci katibi “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı kitabın müəllifi Emil Rəhimov danışaraq, Xocalı soyqırımının 29-cu il dönümünün bu il Azərbaycanda ötən illərlə müqayisədə fərqli şəkildə anıldığını, müharibədən qalib çıxmış xalq və ölkədə qələbə abu-havasının yaşandığı bir şəraitdə keçirildiyini vurğulamışdır. Diplomat bu qələbə ilə həm erməni işğalına, həm də erməni faşizminə son qoyulduğunu xüsusi olaraq diqqətə çatdırmışdır.

Tədbirdə iştirak edən “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov çıxışında qonşu xalqlara qarşı ərazi iddiaları ilə çıxış edən, işğalçılıq və etnik təmizləmə siyasəti aparan ermənilərin əsrlər boyu məskunlaşdıqları ölkələrdə, o cümlədən Azərbaycanda qanlı faciələr və insanlıq əleyhinə cinayətlər törətdiyini vurğulamış və bu faktların tarixi mənbələrdə də göstərildiyini diqqətə çatdırmışdır. S.Nəsirov ermənilərin İslam dininə hörmətsizliyini və məscidləri təhqir etməsini bəşər sivilizasiyasına qarşı cinayət hesab etmişdir.

Anım mərasimində AR-ın Misirdəki Səfirliyinin dəstəyi ilə Misirin nüfuzlu rejissor və ssenaristlərinin iştirakı ilə “SOİC” Kinomotoqrafiya şirkəti tərəfindən çəkilmiş “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı sənədli film nümayiş etdirilmişdir.

Filmdə sənədli video çarxlar və foto şəkillərdən istifadə olunmuş, film daxilində Misirin nüfuzlu ictimai-siyasi xadimlərindən müsahibələr alınmış və bədii sujetlər yerləşdirilmişdir.

Tədbir çərçivəsində Xocalı soyqırımını əks etdirən və Səfirliyin dəstəyi ilə çap olunan kitablar və foto stendlər də nümayiş etdirilmişdir.

 

Arxiv üzrə axtarış