2020-10-02

Misirin tanınmış tədqiqatçı jurnalisti Məhəmməd Səlamənin “Azərbaycan və Ermənistan arasındakı müharibədə qüsurlu balanslaşdırma siyasəti” başlıqlı məqaləsi Misirin “Embassies.com” xəbər saytında işıqlandırılmışdır.

M.Səlamə Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün apardığı müqəddəs vətən müharibəsində Türkiyənin bununla bağlı nümayiş etdirdiyi birmənalı dəstək mövqeyinin bəzi dövlətləri narahat etməsinin təəccüb doğurduğunu diqqətə çatdırmışdır. 

O, bu barədə: “Biz elə hesab edirdik ki, beynəlxalq təşkilatların, o cümlədən BMT TŞ-nın məlum qətnamələrinin, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının qəbul etdiyi qərarların ən azından dünya dövlətlərini hərəkətə gətirəcək və həmin ölkələr qəbul olunmuş qətnamə və qərarlara bağlılıqlarını nümayiş etdirəcəklər”-deyə, münasibət bildirmişdir. 

M.Səlamə məqaləsində bu gün əksər dünya dövlətlərinin nümayiş etdirdiyi davranışın adının balanslaşdırma deyil, əksinə öz torpaqlarını azad etmək, işğalçı dövlətin təxribatlarının qarşını almaq haqqını tanıyan BMT-nin prinsiplərindən imtina etmək olduğunu vurğulamışdır. 

Belə qüsurlu balanslaşdırma siyasətinin həmin ölkələrə fayda verməyəcəyini qeyd edən jurnalist bu gün onların Azərbaycanla bağlı sərgilədikləri mövqelərin bir gün də onların üzləşəcəyini bildirmişdir. 

Türkiyənin nümayiş etdirdiyi dəstək və mövqeyə gəlincə isə, jurnalist bu mövqeyin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu, Türkiyə ilə bərabər Azərbaycanın haqlı mövqeyini dəstəkləyən digər ölkələr- Pakistan, Ukrayna, Əfqanıstan və sair ölkələirn olduğunu qeyd etmişdir. 

M.Səlamə ərəb dövlətlərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıq mövqe nümayiş etdirməyə səsləyərək, zalim ilə məzlum, işğalçı ilə işğala məruz qalmış arasında qüsurlu balanslaşdırma siyasəti aparmaqdan çəkindirmişdir. 

Link əlavə olunur: 

https://embassiesnews.com/?p=5596&fbclid=IwAR3HMUagQzrHv8RlaZuIL1RsgBQ8bp5dU1FGEM55r3tBZblpbzFvEVhYelg  

Arxiv üzrə axtarış