2020-07-24

Azərbaycanın Misirdəki səfirliyi erməni təxibatı ilə bağlı video konfrans keçirdi

İyulun 22-də Azərbaycanın Misirdəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Misirin tanınmış “Dialoq Siyasi Araşdırmalar və Mediya” mərkəzi ilə birgə “Azərbaycan: Ermənistanın təcavüzü, səbəblər və nəticələr” mövzusunda video konfrans keçirilib.

Tədbirdə Misirin ictimai siyasi xadimləri, tədqiqatçıları və jurnalistləri, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından tədqiqatçı və jurnalistlər, həmçinin Azərbaycanın şərqşünasları və media nümayəndələri iştirak ediblər. Bu barədə Modern.az-a Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib. Video konfransın açılışında çıxış edən ölkəmizin Misirdəki səfirliyinin ikinci katibi Emil Rəhimov Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi uğurlardan və nüfuzundan bəhs edərək qeyd edib ki, ölkəmiz regionun güclü və qüdrətli dövlətinə çevrilib, dünya ölkələri ilə sıx əməkdaşlıq edir. Azərbaycanın qarşısında duran yeganə problemin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdıran diplomat son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş erməni təxribatlarına toxunaraq, Ermənistanın atəşkəs rejimini mütəmadi şəkildə pozduğunu, BMT TŞ-nin məlum qətnamələrini indiyədək yerinə yetirmədiyini vurğulayıb.

E.Rəhimov beynəlxalq ictimaiyyətə müraciət edərək, qəbul edilmiş qətnamə və qərarlardan irəli gələrək, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün Ermənistana daha ciddi təzyiqlər göstərməyə çağırıb və ölkəmizə siyasi dəstək göstərən dost və qardaş ölkələrə də təşəkkürünü bildirib. O, Azərbaycan ordusunun qüdrətindən söz açaraq, öz sərhədlərini müdafiə etməyə qadir olduğunu da xüsusi olaraq qeyd edib. Misirin Qahirə universitetinin Siyasi elmlər və İqtisadiyyat fakültəsinin professoru Nurhan əl-Şeyx çıxış edərək, Azərbaycanın haqlı mövqeyinə toxunub, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara söykənərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğulayıb. O, Ermənistanı münaqişəni hərbi yol və təxribatlara əl atmaqla deyil, sülh danışıqlarına sadiq qalaraq həll etməyə dəvət edib. Misirin Helvan universitetinin doktoru Adil Dərviş çıxışında qeyd edib ki, Azərbaycanın tarixində çoxlu sayda erməni təxribatları və soyqırımları var.

O, Ermənistanın son hərbi təxribatını da kəskin şəkildə pisləyib. Vebinarda çıxış edən Azərbaycanın Səudiyyə Ərəbistanında səfirliyinin ikinci katibi İmran Sadıxov belə bir tədbirin ölkəmiz üçün həssas bir məqamda keçirildiyini vurğulayaraq qeyd edib ki, iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilən hərbi təxribat İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qətiyyətlə pislənilib. Diplomat Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən olan, Ermənistanın Azərbaycana hərbi təcavüzü səbəbindən işğalçı ölkə ilə diplomatik əlaqələrdən imtina edən, Azərbaycanla bağlı həmişə prinsipial və ədalətli mövqe nümayiş etdirən Səudiyyə Ərəbistanının son hadisələrlə bağlı verdiyi bəyanata toxunaraq bildirib ki, İslam dünyasında böyük nüfuza malik olan Krallığın mövqeyi digər müsəlman dövlətləri üçün nümunədir. Diplomat ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ilk növbədə beynəlxalq hüququn aliliyi prinsipi əsasında müəyyənləşdirməli olduqlarını diqqətə çatdırıb.

İslam Əməkdaşlıq Təşkilatının İnformasiya Agentliyini Xarici İşlər Bürosunun direktoru Hazim Əbduh çıxışında İƏT-in Azərbaycanın haqlı mövqeyini əks etdirən davamlı bəyanatlar səsləndirdiyini, Ermənistan tərəfindən atəşkəsin mütəmadi şəkildə pozulmasını və təxribatlara əl atmasını qəti şəkildə pislədiyini diqqətə çatdıraraq, mətbuatın doğru və dürüst məlumatları çatdırmaqda böyük məsuliyyət daşıdığını qeyd edərək, feyk xəbərlərin yayılmasını şiddətlə qınayıb.

“Dialoq Siyasi Araşdırmalar və Mediya” mərkəzinin müdiri Dr Əhməd Tahir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün beynəlxalq ictimaiyyətin ciddi dəstəyinə və işğalçı dövlətə daha çox təzyiq göstərməsinə əvvəlkindən çox ehtiyac duyulduğunu vurğulayıb və Ermənistana silah satan bəzi ölkələrin Ermənistanın məkrli planlarını həyata keçirməyə yardımçı olmasını pisləyib.

Arxiv üzrə axtarış