2020-07-19

Misirdəki səfirliyimiz və diaspor təşkilatları birgə səyləri daha da artıracaq

Misirdəki səfirliyimiz və diaspor təşkilatları Prezident İlham Əliyevin Xarici İşlər nazirinin təyin olunması ilə əlaqədar qəbulunda qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində birgə səyləri daha da artıracaqlar. Bu fikir Qahirədə ölkəmizin Misirdəki səfirliyinin ikinci katibi, səfirliyin diplomatı Emil Rəhimov və “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun iştirak etdikləri görüşdə ifadə olunub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Prezidentinin proqram xarakterli çıxışında yer almış diplomatik missiyalarımızın və diaspor təşkilatlarının fəaliyyətinin prioritet istiqamətləri - səfirliklərimizin xaricdə yaşayan, fəaliyyət göstərən Azərbaycan icmaları ilə sıx əlaqədə olması, onların diaspor təşkilatlarının koordinasiya işinə öz töhfəsini verməsi, həm diaspor təşkilatları, həm səfirliklərin Azərbaycanın maraqlarını təmin etməsi və Azərbaycan reallıqlarını çatdırması, həmçinin xarici kütləvi informasiya vasitələri ilə sıx təmaslar qurması məsələləri ərafında fikir mübadiləsi aparılıb.

E.Rəhimov diqqətə çatdırıb ki, diplomatlarımızın və diaspor təşkilatlarının birgə səyləri ilə Misir mətbuatında Ermənistanın Azərbaycanla sərhəddə hərbi təxribatları geniş şəkildə işıqlandırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları, ölkəmizin haqlı mövqeyi, həmçinin hadisələrlə bağlı səfirliyin bəyanatı bu ölkənin kütləvi informasiya vasitələrinin vasitəsilə Misir ictimaiyyətinə çatdırılıb. Eyni zamanda, rəsmi dövlət agentliyi AZƏRTAC bu məqalələr haqqında xəbərləri Azərbaycan oxucularına təqdim edib, misirli politoloqlardan müsahibələr alıb.

Diplomatımız vurğulayıb ki, səfirlik Misirin hökumət üzvləri və millət vəkilləri ilə də mütəmadi əlaqə saxlayaraq, onlara Ermənistanın Azərbaycan sərhədinə hücumu haqqında ətraflı məlumat verib. Rəsmi Qahirə BMT-nin və İslam Əməkdaşlıq Təşkilatının üzvü, hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının əsasını qoyanlardan biri kimi həmişə ölkəmizin ərazi bütövlüyünü və işğal altında olan torpaqlarımızı azad etmək hüququmuzu tanıyıb, Ermənistanın hərbi təxribatları ilə əlaqədar İƏT-in bəyanatını dəstəkləyib. E.Rəhimov əlavə edib ki, səfirliyimiz diaspor təşkilatları və AZƏRTAC-ın Qahirədəki müxbir məntəqəsi ilə birlikdə Azərbaycan həqiqətlərinin Misir ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətini daha da gücləndirəcək.

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov qeyd edib ki, Ermənistanın hərbi təxribatının ilk günündən diasporumuz Misir mətbuatı ilə fəal iş aparıb və hazırda bu fəaliyyət davam edir. Onun sözlərinə görə, 10 mindən çox erməni ailəsinin yaşadığı və çoxsaylı diaspor təşkilatlarının fəaliyyət göstərdiyi Misirdə nüfuzlu KİV-lərin yalnız Azərbaycanın haqlı mövqeyini işıqlandırması faktı bunun bariz nümunəsidir. Diaspor sədri əlavə edib ki, bu fəaliyyət davam edəcək və Misir parlamentinin üzvləri, ictimai təşkilatlar, ziyalılar və KİV rəhbərləri ilə əlaqələrin daha da möhkəmlənməsinə xüsusi diqqət yetiriləcək.

Arxiv üzrə axtarış