2020-07-18

Misirin nüfuzlu qəzeti Ermənistanın hərbi təxribatı haqqında məqalə dərc edib

Misirin nüfuzlu “Akhbarelyom” qəzetində tanınmış jurnalist Varda Əl Hüseyninin “Prezident Əliyev Ermənistanı hərbi təxribatda ittiham edib” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Azərbaycana qarşı hərbi təxribata əl atdığı qeyd olunub. Müəllif diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair müşavirədə Ermənistanı hərbi təxribat törətməkdə ittiham edib.

Məqalədə vurğulanıb ki, Azərbaycan dövlətinin başçısı Ermənistanda demokratiya prinsiplərinin pozulması, Venesiya Komissiyasının tövsiyələrinə məhəl qoyulmaması, siyasi opponentlərin təqib edilməsi və diktaturanın hökm sürməsi barədə fikirlər səsləndirib.

Jurnalist Azərbaycan Prezidentinin Ermənistanın hərbi təxribatının başlıca səbəbi ilə bağlı sözlərini sitat gətirib: “Nə üçün məhz iyulun 12-də? Bu da təsadüfi deyil. İndi Ermənistanda bunu başqa hadisələrlə əlaqələndirirlər. Mən bu məsələyə toxunmaq istəmirəm. Çünki mən heç vaxt ailə məsələlərinə toxunmamışam və heç kimə məsləhət görmürəm. Amma hesab edirəm ki, iyulun 10-da artıq rəsmən açıq elan edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyası bunun əsas səbəbi olub”.

Məqalədə bildirilib ki, Azərbaycan Prezidenti düşmənə layiqli cavab verildiyini, Azərbaycan Silahlı Qüvvələrinin vəziyyətə tam nəzarət etdiyini deyib.

Müəllif Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iyulun 16-da keçirdiyi mətbuat konfransındakı bəyanatına da yer verib. Qeyd olunub ki, Azərbaycan rəsmisi münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımların nəticə vermədiyini, cəzasızlığın isə Ermənistanı yeni təxribatlara həvəsləndirdiyini söyləyib. O, həmçinin ATƏT-in Minsk qrupunun Ermənistanın Azərbaycana hücumu ilə bağlı konkret bəyanatla çıxış etməli olduğunu bildirib.

Arxiv üzrə axtarış