2020-01-21

AR-ın Misirdəki səfirliyi tərəfindən 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilməkdədir.

Belə ki, cari ilin 20 yanvar tarixində AR-ın Misirdəki səfirliyində Misirin Orta Asiya və Şərqi Avropa ölkələri üzrə mütəxəssisi, nüfuzlu tədqiqatçı və jurnalist Məhəmməd Sələmənin Qanlı 20 Yanvarın 30-cu ildönümünə həsr olunmuş “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabının təqdimatı keçirilmişdir.

 

Təqdimat mərasimində Misirin nüfuzlu ictimai-siyasi xadimləri, qəzet redaktorları və media mərkəzlərinin nümayəndələri, jurnalistlər və Azərbaycan diasporası iştirak etmişlər.

Təqdimatı giriş sözü ilə açan səfir T.Rzayev 1990-cı il 20 yanvar hadisələri barədə məlumat verərək, 20 yanvar tarixinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd etmiş, xalqımızın o çətin günlərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Moskvadakı daimi nümayəndəliyə gələrək, sözügedən faciəyə siyasi qiymət verdiyini vurğulamışdır. Səfir “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabın Misir ictimaiyyətinin diqqətinə çatdırılması baxımından əhəmiyyətli olduğunu da xüsusi olaraq diqqətə çatdırmışdır.

Misirin Azərbaycanda Mədəniyyət Mərkəzinin sabiq müdiri, hazırda Misirin Helvan universitetinin professor və doktoru Adil Dərviş çıxış edərək, 20  yanvar hadisələrinin canlı şahidi olduğunu, həmin vaxtlar Bakıda doktorantura pilləsində təhsil aldığını xatırladaraq, Sovet qoşunlarının dinc əhalini amansızcasına qətlə yetirdiyini, xəstəxanaların, yardıma gələn təcili yardım maşınlarının sıradan çıxarıldığını, hadisəni törədənlərin indiyədək cəzasız qaldığından təəssüfləndiyini bildirmişdir.

Daha sonra kitabın müəllifi M.Sələmə “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabın arxiv sənədlər əsasında yazıldığını vurğulayaraq, həmin dövrdə Misir Parlamentində bəzi deputatların Bakıda baş verən hadisələri kəskin pislədiyini və buna ciddi etiraz etdiyini, Misir qəzetlərinin bu barədə yazılarının əks olunduğunu qeyd etmişdir.

Müəllif kitabında 1990-cı ildə Sovet qoşunlarının 137 nəfərin qətlinə, 700-dən çox insanın yaralanmasına səbəb olan hadisəni pisləmiş, Bakıda baş verən qırğına şəxsən qol çəkmiş M.Qorbaçovun həmin il Beynəlxalq Nobel Sülh mükafatına layiq görülməsinin böyük təəssüf hissi doğurduğunu qeyd etmiş, bununla bağlı həmin ildə Misir mətbuatında məqalə dərc etdirdiyini xatırladaraq, Misirin dost Azərbaycanın yanında olduğunu, sözügedən kitabın yazılmasının əsas məqsədinin isə həmin hadisələrin təfərrüatını Misir ictimaiyyətinin diqqətinə çatdırmaq olduğunu vurğulamışdır.

Qeyd edək ki, sözügedən kitab Səfirliyin maliyyə dəstəyi ilə Misirin “Yaxın Şərq Mediya” mətbəəsində nəfis şəkildə çap edilmişdir.

Tədbir Misirin kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılmışdır.

Tədbir zamanı səfirlikdə Qanlı 20 yanvar faciəsini əks etdirən video kadrlar nümayiş etdirilmiş və foto stendlər quraşdırılmış, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Səfirlik tərəfindən çap olunmuş kitabların sərgisi təşkil edilmişdir.

Arxiv üzrə axtarış