2017-03-31
2017-ci ilin 30 mart tarixində AR-ın Misirdəki səfirliyinin 31 mart azərbaycanlıların soyqırımı ilə bağlı bəyanatı Misirin rəsmi Yaxın Şərq xəbərlər agentliyində və nüfuzlu “Əl-Cumhuriyyə”, “Masress” və “Moheet” qəzetlərində işıqlandırılmışdır.

Bəyanatda Azərbaycan xalqının tarixində baş vermiş soyqırımlardan, Azərbaycan torpaqlarının 1813-cü il “Gülüstan” və 1828-ci il “Türkmənistan” müqavilələri əsasında parçalanmasından və Azərbaycan xalqının öz tarixi torpaqlarından çıxarılmasından danışılaraq, 1918-ci ilin mart ayında ermənilər tərəfindən törədilmiş soyqırım haqqında geniş məlumat verilmişdir.

Birinci dünya müharibəsinin sonlarında baş vermiş hadisələrdən və Rusiyadakı bolşevik inqilabından yararlanan ermənilərin 1918-ci ilin 31 mart axşamı Bakıda və digər şəhərlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırım, İslam abidələrini və ibadət ocaqlarını yandırdıqları və şəhərləri viran qoyduqları barədə məlumatlar bəyanatda öz əksini tapmışdır. Bəyanatda həmçinin, 1905–1907-ci illərdə çar Rusiyasının hakim dairələri tərəfindən himayə olunan və istiqamətləndirilən erməni millətçilərinin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və genişmiqyaslı qətllər və vəhşiliklər də qeyd olunmuşdur.

Bəyanatda 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasından sonra Nazirlər kabineti tərəfindən xüsusi komissiya yaradıldığı,  1918-ci ilin mart ayında baş vermiş hadisələrin və törədilmiş cinayətlərin araşdırıldığı, 1919-cu və 1920-ci illərdə 31 mart gününün ölkədə milli matəm günü qeyd olunduğu vurğulanmışdır.

Bəyanatda 1920-ci ildə Şimali Qafqaz bölgələrində baş verən dəyişikliklərdən istifadə edən ermənilər tərəfindən Azərbaycanın torpaqları Ermənistan Sovet Sosialist Respublikasına birləşdirildiyi, SSRİ dövründə 1948-1953-cü illərdə 150 min azərbaycanlının həmin torpaqlardan çıxarıldığı barədə məlumat verilmişdir.

1992-ci ildə Ermənistan və Azərbaycan arasında sözügedən münaqişənin həlli üçün ABŞ, Fransa və Rusiyanın həmsədrliyi altında Minsk qrupunun vasitəçiliyi ilə sülh danışıqlarının başlanması və 20 ildən çox davam etməsi barədə məlumat verilmiş, lakin Ermənistan Respublikasının nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyinə görə sülh danışıqlarının müsbət nəticə vermədiyi vurğulanmış və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasının əsas səbəbi BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə əlaqələndirilmişdir.

Linklər əlavə olunur:

1.       https://www.gomhuriaonline.com/main.asp?v_article_id=455264#.WN1FtH20nIU

2.       http://onaeg.com/?p=2544606

3.       https://www.mena.org.eg/ar/news/dbcall/table/textnews/id/6743913

4.       http://www.albawabhnews.com/2451086

5.       http://www.masress.com/moheet/2566139

6.       http://www.moheet.com/0/0/0/2566139/-.html

növbəti xəbər əvvəlki xəbər