Visa

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, viza verilməsi üçün
aşağıdakı sənədlər tələb olunur:


36.1.1. nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket (nümunəsi əlavə
olunur); eapplication.mfa.gov.az elektron səhifəsinə daxil olaraq, ərizə-anket elektron qaydada doldurula
bilər;
36.1.2. pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq
müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) və onların
əsas səhifələrinin surətləri;
36.1.3. biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm);
36.1.4. tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
36.1.5. viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;
36.1.6. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasına
əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti (nümunəsi əlavə olunur) (tranzit və
turizm vizaları üçün bu sənəd tələb olunmur) ;
36.1.6-1. Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəf qeyridövlət təşkilatı olduğu halda həmin qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
36.1.6-2. dəvətin səbəbini təsdiq edən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd
tələb olunmur);
36.1.7. səfərin məqsədindən asılı olaraq, bu Məcəllənin 25–34-cü maddələrində göstərilən müvafiq
sənədlər;
36.2. 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər
etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36.1-ci
maddəsində qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında
şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq
edən sənədlərin surətləri də tələb olunur.
36.3. Viza verilməsi üçün alınan dövlət rüsumunun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu
ilə müəyyən edilir. Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı
olmayaraq, geri qaytarılmır.
Diqqət! Əcnəbinin pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə
tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır.
Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.