2017-03-24
Xocalı soyqırımının 25-ci il dönümü ilə əlaqədar Azərbaycan Respublikasının Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilir.

Belə ki, AR-ın Misirdəki səfirliyinin III katibi, fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimovun ərəb dilində qələmə aldığı “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı kitabı Misirin nüfuzlu “Əxbar Əl-Yaum” müəssisəsi tərəfindən nəfis şəkildəçapdan çıxmışdır.

Fevralın 22-də misirli və Qahirədə təhsil alan azərbaycanlı tələbələr Misir-Azərbaycan Dostluq parkına gələrək, Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin heykəli önünə əklil qoymuş, xatirəsini anmış və üzərində ingilis və ərəb dillərində “Xocalıya ədalət!” yazılı şarları Qahirə səmalarına uçurmuşlar.

Fevralın 23-də Azərbaycan Respublikasının Misirdəki səfirliyində Xocalı soyrıqımını anma mərasimi təşkil olunmuşdur. Tədbirdə Misirin millət vəkilləri, Misir-Azərbaycan Dostluq qrupunun üzvləri, ölkənin tanınmış siyasi-ictimai xadimləri, burada yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, Misirin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları Xocalı filminə baxmış, səfirlikdə təşkil olunan foto sərgi ilə tanış olmuşlar. Tədbiri giriş sözü ilə açan AR-ın MƏR-dəki səfiri T.Rzayev 25 il bundan əvvəl Erməni separatistləri tərəfindən SSRİ silahlı qüvvələrinin 366 motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərində törətdikləri vəhşiliklərdən ətraflı söhbət açaraq, bəzi dövlətlərin, xüsusilə də Minsk qrupu üzvü dövlətlərin və bu qrupun həmsədrlərinin kimin zalım, kimin məzlum, kimin işğalçı, kiminsə işğala məruz qalan olduğunu açıq şəkildə etiraf etmələrinin vaxtı çatdığını və BMT TŞ tərəfindən qəbul olunan qətnamələrin icra olunmasını qəti şəkildə tələb etmələrinin məsələnin həlli üçün yeganə yol olduğunu vurğulamışdır.

Tədbirdə Misir-Azərbaycan Dostluq cəmiyyətinin Baş katibi d-r Əbdürrəhman Səd, Misirin Helvan universitetinin prof.d-r Adel Dərviş, tanınmış politoloq Məhəmməd Səlamə, Asiyaelyoum Xəbərlər Agentliyinin Baş direktoru Əbubəkr Əbulməcd Xocalı hadisəsi haqqında danışaraq, Misirin Azərbaycan xalqının yanında olduğunu, dərdini paylaşdığını və hər bir zalıma və işğalçıya qarşı olduqlarını vurğulamışlar.

Fevralın 24-də Qahirənin mərkəzi məscidlərində Xocalı soyqırımı şəhidlərinin xatirəsi anılaraq, onların ruhlarına dualar oxunmuşdur.

Həmçinin, Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar məlumatlar, xəbərlər, analitik yazılar Misirin nüfuzlu mətbu orqanlarında dərc olunmuş, eyni zamanda Xocalıya həsr olunmuş video sujetlər və çıxışlar Misirin geniş auditoriyasına malik televiziya kanallırında (“Nil Əl-Əxbar” və “Əl-Masriyyə”) yayımlanmışdır.

növbəti xəbər əvvəlki xəbər