İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Qısa icmal

2002-ci il

03 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti H. Əliyev həmin Sazişin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında Hökumətlər arası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında Sərəncam imzalamışdır. 

23-25 oktyabr. Müştərək Komisyanın I sessiyasının keçirilməsi ilə əlaqədar Komisyanın Misir tərəfindən olan həmsədri Misirin Xarici İşlər üzrə Dövlət Naziri x-m Fəizə Əbu Əl-Nəqə 23-25 oktyabr 2002-ci tarixlərində Bakıda səfərdə olmuşdur.  Komisyanın işi nəticəsində bir sıra sənəd - Müştərək Komisyanın protokolu, Azərbaycan Respublikası Höküməti ilə Misir Ərəb Respublikası Höküməti arasında investisiyaların qarşılıqlı qorunması və təşviqi haqqında Saziş, Ticarət-Sənaye Palataları arasında razılaşma imzalanmışdır.

2004-ci il

10-12 fevral tarixlərində  Qahirədə keçirilmiş İnterqaz Beynəlxalq konfransının işində, Azərbaycan Respublikasının Yanacaq və Energetika Naziri Məcid Kərimov iştirak etmişdir. 

04 oktyabr  tarixində Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı yeni, say etibarilə dördüncü Səfiri Əhməd Yusif Əl-Şargavi Etimadnamələrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmişdir.

05 oktyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Faiq Nüsrət oğlu Bağırov Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı, 2005-ci ilin may ayından isə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyasında yeni, say etibarilə ikinci Səfiri təyin olunmuşdur.

2005-ci il

09 yanvar tarixində MƏR Xİ Nazirinin BMT məsələləri üzrə müavini Əhməd Fəthalla ilə görüş keçirilmiş, Misirin BMT TŞ-inə namizədliyi müzakirə olunmuş və buna dair Azərbaycan tərəfinin dəstəyi bildirilmişdir.

10 yanvar tarixində Misirin Beynəlxalq Əməkdaşlıq Naziri x-m Fəyizə Əbu Nəqə ilə keçirilmiş görüş zamanı, Azərbaycan-Misir dövlətlərarası müştərək komissiyasının 2-ci toplantısının bu dəfə Qahirədə keçirilməsinə dair Səfirlik təklif vermiş, Misir tərəfi təklifi dəstəkləyərək toplantının carı ilin sentyabr ayında keçiriləcəyini bildirmişdir.            

13 yanvar tarixində Səfirliyin təşəbbüsü ilə Misirdə nəşr olunan ingilisdilli “The Egyptian Gazette” Misirin Beynəlxalq Əməkdaşlıq Naziri x-m Fəyizə Əbu Nəqə ilə keçirilmiş görüş barədə geniş məlumat dərc etmiş, ingilisdilli Misir auditoriyasını və ölkədəki xarici işgüzar dairələri Azərbaycanın iqtisadi imkanları ilə tanış etmişdir.

17 yanvar tarixində MƏR Xİ Nazirinin Avropa məsələləri üzrə müavini Əşrəf Rəşidlə keçirilmiş görüşdə, bir sıra ikitərəfli və regional məsələlər müzakirə olunmuş, XİN-lər arasında siyasi məsləhətləşmələrin Qahirədə keçirilməsi qərara alınmışdır.

20 yanvar faciəsinə həsr olunmuş mətbuat konfransı barədə ətraflı məlumat Səfirliyin təşəbbüsü və köməyi ilə ertəsi gün 19 yanvar tarixində Türkiyənin “Zaman” qəzetlərində, 22 yanvar tarixində Misirin “Oktoubr” və 28 yanvar tarixində Parisdə çap olunan ərəbdilli “Əl-Vatan Əl-Arabi” jurnallarında dərc edilmişdir.

05 fevral tarixində Misirin Neft Naziri Səmih Fəhmi ilə görüş keçirilmiş, bu sahədə ən ali səviyyədə səfər mübadilələrin həyata keçirilməsinin münasibliyi qeyd olunmuş, hər iki ölkənin mənafeyinə xidmət edəcək prioritetli məsələlər barəsində razılıq əldə edilmişdir.

07 fevral tarixində Misirin Turizm Naziri Əhməd Əl-Mağrabi ilə görüş keçirilmiş, Nazirə Azərbaycanın görkəmli turizm yerlərindən və imkanlarından danışılmış, iki ölkə arasında bu sahədə görüləcək konkret işlər barədə fikir mübadiləsi aparılmışdır

08 fevral tarixində MƏR Mədəniyyət Nazirinin birinci müavini Şərif Şübəşi ilə keçirilmiş görüş zamanı, Azərbaycan rəsmi heyətinin Misirə səfərinin tarixləri müəyyənləşdirilmiş, bir sıra mədəniyyət sahəsinə aid mühüm məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

14 fevral Ərəb Dövlətləri Liqasının Baş Katibi Amr Musa ilə görüş keçirilmiş, Azərbaycan ƏDL arasında əməkdaşlıq məsələləri müfəssəl şəkildə müzakirə olunmuşdur.

16 fevral tarixində MƏR XİN-i Texniki əməkdaşlıq Fondunun Baş Katibi Əli Cəlal Bəsyuni ilə keçirilmiş görüşdə, Azərbaycanla Fond arasında səmərəli əməkdaşlıq münasibətlərinin hazırkı durumu barədə fikir mübadiləsi aparılmış, əməkdaşlığa dair yeni təklif və rəylər bildirilmişdir.

27 fevral tarixindəki nəşrində “Əl-Cumhuriyyə” qəzeti, Səfir F.Bağırovun Azərbaycan – Misir münasibətləri barəsindəki geniş müsahibəsini dərc etmişdir. 

 

03 mart tarixində “Əl-Cumhuriyyə” qəzetində, Səfir F.Bağırovun Azərbaycanın üzləşdiyi erməni işğalı və qaçqınlar problemi, bu istiqamətdə ölkə rəhbərliyimizin göstərdiyi ardıcıl səylər və apardığı danışıqlar barədə müsahibəsi dərc olunmuşdur.

06 mart tarixində MƏR İnformasiya Naziri Ənəs Əl-Fiqi ilə keçirilmiş görüş zamanı, iki ölkə arasında bu sahədə əməkdaşlıq barədə 1994-cü ildə imzalanmış Protokol layihəsinin təzələnməsi müzakirə olunmuş, Azərbaycanla əlaqədar videomaterialların Misir telekanalları ilə nümayiş etdirilməsinə dair razılıq əldə olunmuşdur.

09 martda MƏR Şura Məclisinin Sədri, hakim Milli-Demokratik Partiyanın Baş Katibi Safvat Əş-Şəriflə görüş keçirilmiş, hər iki ölkənin hakim partiyaları arasında bilavasitə əlaqələrin yaradılması müzakirə olunmuş və dəstəklənmişdir.

10 martda MƏR Daxili İşlər Naziri Habib Əl-Adli ilə keçirilmiş görüş zamanı, iki ölkə arasındakı gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilmiş, artıq əldə olunmuş birgə səmərəli nəticələr müzakirə olunmuşdur.

19 mart tarixində “Oktoubr” jurnalı, Azərbaycan və Misir Hökumətləri arasında informasiya-mədəniyyət mərkəzlərinin təsisi barədə müqavilənin imzalanması ilə əlaqədar Səfir F.Bağırovun geniş müsahibəsini dərc etmişdir

21 mart tarixində Azərbaycan Prezidenti İlham Əliyevin ƏDL Baş Katibi Amr Musaya göndərdiyi təbrik məktubu Səfirlik vasitəsilə Əlcəzairdə olan A.Musaya çatdırılmış və 22 martda Ərəb Zirvə Görüşünün açılış mərasimində Baş Katib tərəfindən toplantıda iştirak edən Dövlət Başçılarına oxunmuşdur. “Oktober” qəzeti AR Prezidenti İlham Əliyevin ƏDL Baş Katibi Amr Musaya göndərdiyi təbrik məktubu barədə öz 04 aprel tarixli nəşrində məlumat vermiş, məktubda ifadə olunan fikirləri xüsusi qeyd etmişdir.

12 aprel tarixində MƏR XİN-inin buraxdığı “Əl-Dauli” (Beynəlxalq diplomatiya) jurnalı Azərbaycanın Qahirədəki Səfiri Faiq Bağırovla müsahibə dərc etmiş, Azərbaycan barədə müfəssəl məlumat bu mötəbər jurnalın 4 səhifəsində işıqlandırılmışdır.

13-14 aprel tarixlərində MƏR Ali Təhsil Naziri Amr İzzət Sələmə və Ali Təhsil Nazirinin müavini Camal Həsənlə ayrı-ayrılıqda silsilə görüşlər keçirilmiş, iki ölkə arasında ali təhsil sahəsindəki münasibətlərin durumu müzakirə olunmuş, AR Təhsil Naziri Misir Mərdanovun səfəri ərəfəsində ziyarət proqramının təfərruatları nəzərdən keçirilmiş, imzalanacaq sənədlərin hazırlığı barədə məlumat dinlənilmişdir.

18-23 aprel tarixlərində AR Təhsil Naziri Misir Mərdanovun rəsmi səfər həyata keçirilmişdir.Səfər çərçivəsində Nazir M. Mərdanov MƏR Beynəlxalq Əməkdaşlıq Naziri xanım Fəizə Əbu Ən-Nəqə ilə görüşmüşdür. Görüş zamanı Misir Mərdanov Misirə, ikitərəfli təhsil məsələlərini müzakirə etmək və bir sıra əməkdaşlıq müqavilələri və sazişlərini imzalamaq üçün gəldiyini həmsöhbətinin diqqətinə çatdırmışdır.

Nazir M. Mərdanov və onu müşayiət edən heyət həmçinin Misirin İsgəndəriyyə şəhərində olmuş, burada İsgəndəriyyə kitabxanasını ziyarət etmiş, İsgəndəriyyə Universitetinin rektoru ilə görüşərək danışıqlar aparmış və görüş nəticəsində bir tərəfdən İsgəndəriyyə Universiteti, digər bir tərəfdən isə Azərbaycanın 4 təhsil ocağı – Neft Akademiyası, Tibb Universiteti, Mədəniyyət və İncəsənət Universiteti və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq Müqaviləsi imzalanmışdır.

Nazir M. Mərdanov həmçinin Əl-Əzhərin Şeyxi Məhəmməd Tantavi ilə görüşmüşdür. Şeyx M. Tantavi Əl-Əzhər universitetində dünyanın müxtəlif ölkələrindən olan tələbələrlə yanaşı azərbaycanlı tələbələrin də təhsil aldığını, azərbaycanlı tələbələr üçün hərtərəfli şəraitin yaradıldığını, Misir universitetlərində Azərbaycandan ümumən 190 yaxın tələbə oğlan və qızın təhsil aldığını bildirmişdir.

08 may tarixində Şuşanın işğalı günü Səfirlik tərəfindən qeyd olunmuş, mətbuat konfransına toplaşmış KİV nümayəndələrinə işğalın hansı şəraitdə baş verdiyi və səbəbləri açıqlanmışdır.

10 may tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü Səfirlikdə təntənəli şəkildə qeyd olunmuş, toplantıda iştirak etmiş Səfirlik əməkdaşlarına, Azərbaycan icmasının nümayəndələrinə və Qahirədə təhsil alan azərbaycanlı tələbələrə Heydər Əliyevin həyat yoluna həsr olunmuş DVD film nümayiş etdirilmiş, toplantı iştirakçıları qarşısında nitq söylənilmişdir.

10 may tarixində ƏDL Avropa İdarəsinin başçısı Fəridə Hassunə ilə görüş keçirilmiş, görüş zamanı Azərbaycan XİN-i ilə ƏDL arasında Anlaşma Memorandum layihəsinin müddəaları müzakirə olunmuş və layihənin ƏDL tərəfindən hazırlanaraq Səfirliyə göndərilməsi barədə razılıq əldə olunmuşdur. Memorandum layihəsi Səfirlik tərəfindən artıq AR XİN-inə göndərilmiş, Azərbaycan tərəfindən edilmiş müəyyən düzəlişlər ƏDL aparatına çatdırılmış və hal-hazırda layihə ƏDL aparatının hüquq idarəsində baxılmaqdadır.

11 may tarixində MƏR Ali Təhsil Nazirinin birinci müavini Əhməd Bəhəuddinlə görüş keçirilmiş, Cənub Sinay əyalətinin qubernatoru tərəfindən Azərbaycan Neft Akademiyasının Cənub Sinayda filialının açılmasına dair irəli sürülən təklif müzakirə olunmuş və məqsədəmüvafiq təklif kimi qiymətləndirilmişdir.

28 may tarixində MƏR Prezidentinin şəxsi elçisi Tariq Əbdüləziz Səfirliyi ziyarət edərək Misir Dövlət Başçısının Azərbaycan Dövlət Başçısına təbriklərini çatdırmışdır.

28-29 may tarixlərində Misirin “Nile News” və 2-ci telekanalı ilə Azərbaycan barədə geniş 40 dəqiqəlik telefilm nümayiş etdirilmişdir.

5-8 iyun tarixində AR Xarici İşlər Nazirinin müavini Xələf Xələfovun işgüzar səfəri. Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Xələf Xələfov 05-08 iyun tarixlərində siyasi məsləhətləşmələrin aparılması məqsədilə Misirə işgüzar səfər etmişdir.

Xələf Xələfov MƏR Xarici İşlər Nazirinin Avropa məsələləri üzrə müavini Əşrəf Rəşidlə görüşmüş və siyasi məsləhətləşmələr aparmışdır, Misirin bir sıra yüksək vəzifəli şəxsləri və ƏDL Baş Katibi A.Musa ilə görüşərək bir sıra mühüm razılıq əldə edilmişdir. Danışıqlar zamanı ilk öncə Azərbaycanla Misir arasındakı siyasi münasibətlər müzakirə olunmuş və bu münasibətlərin yüksək səviyyədə olması vurğulanmışdır.

Hər iki tərəf bu münasibətlərin daha da intensivləşdirilməsi zərurətini qeyd edərək, Azərbaycanın və Misirin hökumət üzvlərinin, hər iki ölkənin dövlət adamlarının qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin vacibliyini vurğuladı.

13 iyun tarixində Misir rəssamlar İttifaqının Sədri Mustafa Hüseynlə görüş keçirilmiş, iki ölkənin rəssamlar İttifaqı arasında bilavasitə əlaqələrin qurulması haqqında razılıq əldə edilmişdir.

27 iyun tarixində Misir XİN-i hüquq-müqavilə və Avropa məsələləri İdarələri nümayəndələrinin iştirakı ilə MƏR XİN-ində görüş keçirilmiş, Azərbaycanla Misir arasındakı hüquq-müqavilə bazası tam şəkildə araşdırılmış və bu barədə mərkəzə təfsilatlı arayış göndərilmişdir. 

25-30 iyul tarixində iqtisadı və elmi-texniki əməkdaşlıq üzrə müştərək Azərbaycan-Misir Komissiyasının 2-ci görüşünün hazırlanması məqsədilə Azərbaycanın hökumət qurumlarını təmsil edən işçi nümayəndə heyəti Misirdə səfərdə olmuşdur. Səfər nəticəsində "Yaddaş qeydi" imzalanmışdır.

15-17 oktyabr AR Xarici İşlər  Naziri Elmar Məmmədyarovun rəsmi səfəri. Səfəri zamanı Nazir E. Məmmədyarov öz Misirli həmkarı Əhməd Əbu Əl-Ğeyt ilə görüşmüş və danışıqlar aparmışdır.  Görüşdə siyasi və iqtisadi əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Misir əməkdaşlığı, Yaxın Şərq və bölgədəki vəziyyət, beynəlxalq təhlükəsizlik və ölkələrimiz arasındakı əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Misir tərəfi ATƏT çərçivəsində, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları, vasitəçilik səylərini, iki ölkənin Xarici İşlər Nazirləri arasındakı görüşləri və hər iki dövlət Başçısının mütəmadi görüş və danışıqlarını dəstəklədiyini bildirmiş, iki ölkə arasındakı bu münaqişənin ərazi bütövlüyü prinsipi əsasında  ən yaxın zamanda danışıqlar vasitəsilə çözülməsinə ümid etdiyini bəyan etmişdir.

Nazir E. Məmmədyarov həmçinin MƏR Xalq Məclisinin Sədri Əhməd Fəthi Sürurla görüşmüşdür. Azərbaycanla Misir arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd edən Nazir, Azərbaycan - Misir Parlamentlərarası əlaqələrin bundan sonra da fəal şəkildə inkişaf edəcəyini vurğulamış və hər iki ölkənin qanunvericilik orqanı arasındakı əməkdaşlığın daha da intensivləşəcəyinə dair əmin olduğunu bildirmişdir. Cari il ərzində hər iki ölkədə keçiriləcək Parlament seçkilərinə toxunularaq qeyd olunmuşdur ki, Azərbaycan Milli Məclisinə seçkilər 6 noyabr tarixində bir gün ərzində keçiriləcəkdir. Misirdəki seçkilərə gəldikdə isə bildirilmişdir ki, bu seçkilərə 9 noyabr tarixində start veriləcək və seçki kompaniyası bir ay davam etdiriləcəkdir.

Səfəri çərçivəsində Nazir E. Məmmədyarov MƏR XİN-i yanında fəaliyyət göstərən Xarici İşlər üzrə Misir Şurasında nitq söyləmiş, görüşdə iştirak edən Misir siyasətçiləri və diplomatları, Qahirədə akkreditə olunmuş bir sıra xarici Səfirlər və MƏR XİN-i əməkdaşlarının çoxsaylı suallarına təfərrüatlı cavab vermişdir.


Misirə səfəri zamanı E. Məmmədyarov Ərəb Dövlətləri Liqasının Baş Katibi Amr Musa ilə görüşmüş və danışıqlar aparmışdır. Görüş zamanı Baş Katib Yaxın Şərqdə və İraqda cərəyan edən son hadisələr barədə geniş məlumat vermişdir.

Azərbaycan Xarici İşlər Naziri Ərəb Dövlətləri Liqası yanında ərəb ölkələrinin Daimi Nümayəndələri qarşısında geniş nitq söyləmiş, 2006-cı ildə İslam Konfransı Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin 33-cü və Turizm Nazirlərinin növbəti 5-ci Konfransının Bakıda keçiriləcəyini xüsusi vurğulamış  və Səfirlərin çoxsaylı suallarına ətraflı cavab vermişdir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Ərəb Dövlətləri Liqası arasında “Anlaşma Memorandumu” imzalanmışdır. “Anlaşma Memorandumu”nu Xarici İşlər Naziri  Elmar Məmmədyarov və Ərəb Dövlətləri Liqasının Baş Katibi Amr Musa imzalamışlar.

Azərbaycan Respublikasının Xarici İşlər Naziri E. Məmmədyarov Misir Ərəb Respublikasının Baş Naziri Əhməd Nazif ilə görüş keçirmişdir. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Misir əməkdaşlığı, Yaxın Şərq problemi və bölgədəki vəziyyət barədə fikir mübadiləsi aparılmışdır. İkitərəfli münasibətlərə toxunularaq iqtisadi, ticarət və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulanmışdır.

Səfəri çərçivəsində E.Məmmədyarov MƏR-in Beynəlxalq Əməkdaşlıq Naziri, İqtisadi və Elmi-Texniki Əməkdaşlıq üzrə Azərbaycan-Misir Müştərək Hökumətlərarası Komissiyanın Misirli həmsədri xanım Fəyizə Əbu Ən-Nəqə ilə görüş keçirmişdir. AR Xarici İşlər Naziri Azərbaycanın zəngin təbii ehtiyatlara malik olduğunu, bu ehtiyatlardan səmərəli istifadə edərək əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin irimiqyaslı layihələr və müvafiq proqramlar həyata keçirdiyini qeyd etmişdir.

10-13 noyabr tarixlərində AR-ın Mədəniyyət Naziri Polad. Bülbüloğlunun Misirə işgüzar səfəri. Azərbaycan Mədəniyyət günləri. 10-13 noyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Naziri Polad Bülbüloğlunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Misirə işgüzar səfər etmişdir.

Nazir Polad Bülbüloğluöz Misirli həmkarı Misir Ərəb Respublikasının Mədəniyyət Naziri Faruq Hüsni ilə görüş keçirmiş və danışıqlar aparmışdır. Görüş və danışıqlar zamanı cari ilin noyabr ayında Misirdə keçiriləcək Azərbaycan Mədəniyyət Günlərinin, 2006-cı ilin aprel ayında Azərbaycanda keçiriləcək Misir Mədəniyyət Günlərinin vacibliyi xüsusi vurğulanmış, bu irimiqyaslı mədəniyyət tədbirlərinin iki xalqı bir-birinə daha yaxından tanıtdırması üçün əvəzsiz rol oynadığı qeyd olunmuşdur. Görüş zamanı Nazir Polad Bülbüloğlu bu kimi böyük tədbirlərin hər 2-3 ildən bir keçirilməsinin mümkünlüyünü və məqsədəuyğunluğunu qeyd etmiş və mədəniyyət sahəsində kiçik həcmli və fərdi tədbirlərin həyata keçirilməsinin məqsədəmüvafiq olduğunu bildirmişdir. Bu tədbirlər barədə danışaraq Nazir P.Bülbüloğlu, rəssamlar və heykəltəraşlar arasında fərdi sərgilərin, kino, musiqi və teatr xadimləri arasında səfər və təcrübə mübadilələrinin keçirilməsini, birgə Azərbaycan-Misir bədii filmlərinin çəkilməsini təklif etmişdir. Nazir P. Bülbüloğlunun irəli sürdüyü təkliflərə öz münasibətini bildirən Misirli Nazir bu kimi tədbirlərin keçirilməsinin vacib olduğunu vurğulamış və bu təkliflərin tam şəkildə bəyənildiyini ifadə etmişdir

İmzalanmış sənədlər

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ MİSİR ƏRƏB RESPUBLİKASI ARASINDA İMZALANMIŞ SƏNƏDLƏR


1992

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu (1992-ci il 08 noyabr, Qahirə);

2. AR və MƏR arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş (1992-ci il 08 noyabr, Qahirə);

3. Azərbaycan – Misir Birgə Bəyanatı (10 noyabr, 1992-ci il);

1994

4. AR və MƏR arasında Konsulluq Konvensiyası (1994-cü il 07 aprel, Qahirə);

5. AR Hökuməti ilə MƏR Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş (1994-cü il 07 aprel, Qahirə);

6. AR Hökuməti ilə MƏR Hökuməti arasında Konsulluq məsələləri üzrə əməkdaşlıq haqqında Protokol (1994-cü il 07 aprel, Qahirə);

7. AR və MƏR arasında informasiya sahəsində əməkdaşlıq haqqında Protokol (1994-cü il 07 aprel, Qahirə);

1996

8. AR və MƏR Hökumətləri arasında təhlükəsizlik üzrə əməkdaşlıq Sazişi (1996-cı il 07 may, Qahirə);


1997

9. AR Hökuməti ilə MƏR Hökuməti arasında hava daşımaları haqqında Saziş (1997-ci il 17 fevral, Qahirə);

2002

10. AR Hökuməti ilə MƏR Hökuməti arasında sərmayələrin qarşılıqlı təşviqi və qorunması haqqında Saziş (2002-ci il 24 oktyabr, Bakı); 

2005

11. AR və MƏR arasında informasiya - mədəniyyət mərkəzlərinin təsisi haqqında Saziş. (2005-ci il 2 mart, Bakı);

12. 2005-ci ilin noyabr ayında Misirdə “Azərbaycan Mədəniyyət Günləri” və 2006-cı ilin aprel ayında Azərbaycanda “Misir Mədəniyyət Günləri” nin keçirilməsi barədə AR Mədəniyyət Nazirliyi və MƏR Mədəniyyət Nazirliyi arasında Niyyət Protokolu (2005-ci il 29 mart, Qahirə);

13. Azərbaycan Respublikası Naxçıvan Dövlət Universiteti və Misir Ərəb     Respublikasının Qahirə Universiteti arasında Əməkdaşlıq haqqında Müqavilə (20 aprel 2005-ci il, Qahirə) ;

14. Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında Mədəniyyət sahəsində Əməkdaşlığa dair Saziş (10 noyabr 2005-ci il, Qahirə);

15. Azərbaycan Respublikası və Misir Ərəb Respublikası Maliyyə Nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş (26 dekabr 2005-ci il, Qahirə);

16. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Misir Ərəb Respublikasının Xarici Ticarət və Sənaye Nazirliyinin Beynəlxalq Ticarət Mərkəzi arasında Anlaşma Memorandumu (26 dekabr 2005-ci il, Qahirə);

17. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Misir Ərəb Respublikasının Səhiyyə və Əhali Nazirliyi arasında səhiyyə və əczaçılıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu (26 dekabr 2005-ci il, Qahirə);

18. Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın ikinci iclasının Protokolu (26 dekabr 2005-ci il, Qahirə).

2007

19. “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu” (21 mart 2007-ci il, Qahirə).

20. “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş” (Qahirə, 7 may 2007-ci il);

21. “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında hava nəqliyyatı haqqında Sazişə dair Protokol” (Qahirə, 7 may 2007-ci il)

22. “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında turizm əməkdaşlığı sahəsində Anlaşma Memorandumu” (Qahirə, 7 may 2007-ci il);

23. “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Misir Ərəb Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” (Sənədi Azərbaycan tərəfindən Ədliyyə Naziri F.Məmmədov, Misir tərəfindən Beynəlxalq Əməkdaşlıq Naziri Faizə Əbul Nəqa imzalamışlar - Qahirə, 7 may 2007-ci il);

24. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Misir Ərəb Respublikasının Kənd Təsərrüfatı və Meliorasiya Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” (Sənədi Azərbaycan tərəfindən İqtisadi İnkişaf Naziri H.Babayev, Misir tərəfindən Beynəlxalq Əməkdaşlıq Naziri Faizə Əbul Nəqa imzalamışlar - Qahirə, 7 may 2007-ci il);

25. “Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac) və Misirin Yaxın Şərq Xəbər Agentliyi (MENA) arasında Əməkdaşlıq Sazişi” (Sənədi Azərbaycan tərəfindən AzərTac-ın Baş direktoru A.Aslanov, Misir tərəfindən MENA-nın İdarə heyətinin sədri Abdulla Həsən imzalamışlar - Qahirə, 7 may 2007-ci il);

26. “Azərpoçt” Dövlət Müəssisəsi (Milli Operator) və Misir Milli Poçt Təşkilatı arasında beynəlxalq pul baratlarının mübadilə olunması üzrə İkitərəfli Saziş” (Sənədi Azərbaycan tərəfindən İqtisadi İnkişaf Naziri H.Babayev, Misir tərəfindən Rabitə Naziri Tariq Məhəmməd Kamil imzalamışlar - Qahirə, 7 may 2007-ci il);

27. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Misir Ərəb Respublikasının Daxili İşlər Nazirliyi arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” (Sənədi Azərbaycan tərəfindən Daxili İşlər Naziri R.Usubov, Misir tərəfindən Dİ Naziri Həbib Əl-Ədli imzalamışlar - Qahirə, 7 may 2007-ci il);

28. “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası və Misir Ərəb Respublikasının İskəndəriyyə Kitabxanası arasında Anlaşma Memorandumu” (Sənədi Azərbaycan tərəfindən AR-in MƏR-dəki Səfiri F.Bağırov, Misir tərəfindən İskəndəriyyə Kitabxanasının müdiri İsmayıl Siracəddin imzalamışlar - Qahirə, 7 may 2007-ci il);

29. “Azərbaycan Respublikasının Abşeron Rayonu və Misir Ərəb Respublikasının Kalyubeya Əyaləti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” (Sənədi Azərbaycan tərəfindən AR-in MƏR-dəki Səfiri F.Bağırov, Misir tərəfindən Kalyubeya İcra hakimiyyətinin başçısı Ədli Hüseyn imzalamışlar - Qahirə, 7 may 2007-ci il);

30. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Misir Ərəb Respublikasının Neft Nazirliyi arasında texniki əməkdaşlığa dair Protokol” (Sənədi Azərbaycan tərəfindən Xİ Naziri E.Məmmədyarov, Misir tərəfindən Neft Naziri Sameh Fəhmi imzalamışlar - Qahirə, 7 may 2007-ci il);

31. “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında imzalanmış rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumuna Əlavə Protokol” (Qahirə, 7 may 2007-ci il);

32. “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında gömrük məsələləri və gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş” (Bakı, 29 dekabr, 2007-ci il);

33. “Azərbaycan Televiziya və Radio Verilişləri QSC və Misir Televiziya və Radiosu arasında Anlaşma Memorandumu ” (Bakı, 29 dekabr, 2007-ci il);

34. “Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu və Misir Ərəb Respublikasının Milli Kitabxanası və Arxivləri arasında əməkdaşlığa dair Protokol” (Bakı, 29 dekabr, 2007-ci il);

35. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Misir Ərəb Respublikasının Kənd Təsərrüfatı və Torpaqların Meliorasiyası Nazirliyi arasında “Misir-Azərbaycan Elmi-Tədqiqat Mərkəzi”nin təsis edilməsi haqqında Protokol” (Bakı, 29 dekabr, 2007-ci il);

2009

36. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Misir Ərəb Respublikasının Mülki Aviasiya Nazirliyi arasında Beşinci Hava Sərbəstliyi haqqında Anlaşma Memorandumu (Qahirə, 10 mart 2009-cu il);

2010

37. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Misir Ərəb Respublikasının Milli Gənclər Şurası arasında Anlaşma Memorandumu (Bakı, 24 may 2010-cu il);

38. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Tədqiqatlar İnstitutu arasında əməkdaşlıq haqqında Saziş (Bakı, 24 may 2010-cu il);

 

Prezidentlərin səfər

Heydər Əliyevin səfəri – 1994

1994-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olmuş, səfər zamanı H. Əliyevin MƏR Prezidenti. Mübarəklə görüşü Azərbaycan-Misir münasibətlərinin möhkəmləndirilməsində və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb etmişdir.

İlham Əliyevin səfəri – 2007

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri (06-07 may 2007).

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Misir Ərəb Respublikasına rəsmi səfərə yola düşmüşdür. Dövlətimizin başçısını təyyarənin pilləkəni yanında Misirin neft naziri Səmih Fəhmi və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşıladılar. 

Prezident İlham Əliyev hava limanından maşın karvanının müşayiəti ilə Misir Prezidenti Hüsni Mübarəkin sarayına yola düşdü. Misir Prezidenti Hüsni Mübarəkin sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

Misir dövləti başçısının sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Hüsni Mübarəkin təkbətək görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan Prezidentinin bu səfərinin qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinə imkan yaradacağına əminlik vurğulandı.
Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Hüsni Mübarəkin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.

Görüşdə Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdirildiyi vurğulandı. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın da yüksək səviyyədə olduğunu bildirdilər. Qeyd olundu ki, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük potensial var və bundan səmərəli istifadə edilməsi hər iki ölkə üçün zəruri və faydalıdır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunuldu. Misir Prezidenti Hüsni Mübarək onun ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı prinsipi əsasında sülh yolu ilə ədalətli həllinə tərəfdar olduğunu xüsusi vurğuladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Qahirədə məşhur “Əzhəri Şərif” Universitetinin inzibati binasında universitetin rektoru Şeyx Məhəmməd Tantavi ilə görüşmüşdür.

Şeyx Məhəmməd Tantavi Prezident İlham Əliyevi və onu müşayiət edən nümayəndə heyətini böyük hörmət və ehtiramla salamladı. Misir və Azərbaycanın əlaqələrinin tarixi kökləri olduğunu xatırladan rektor Azərbaycan Prezidentinin rəsmi səfərini yüksək qiymətləndirdi, bu səfərin elm, təhsil sahələrində də qarşılıqlı əməkdaşlığın inkişafına təkan verəcəyini söylədi.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Qahirədə ölkəmizin Misir Ərəb Respublikasındakı səfirliyinin yeni binasının açılış mərasimində iştirak etmişdir. 
Prezident İlham Əliyev və Misirin Baş naziri Əhməd Nazif “Azərbaycan Respublikasının səfirliyi” sözləri yazılmış lövhənin üzərindən ağ örtüyü götürdülər və açılışı bildirən lenti kəsdilər. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfərinin ikinci günü, mayın 7-də Qahirədə Naməlum əsgərin abidəsi önünə əklil qoymuşdur. 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Qahirədə Misir Ərəb Respublikasının keçmiş Prezidenti Ənvər Sədatın məzarını ziyarət edərək əklil qoymuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının parlamentinə - Xalq Məclisinə gəlmişdir. Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul düzülmüşdü. Prezident İlham Əliyevi Xalq Məclisinin sədri Fəthi Sürur böyük hörmət və ehtiramla qarşıladı.

Sonra Azərbaycan Prezidenti ilə Xalq Məclisinin sədri arasında görüş keçirildi. Əhməd Fəthi Sürur parlamentin üzvlərini Prezident İlham Əliyevə təqdim etdi. Misir parlamentinin sədri Azərbaycan Prezidentini Qahirədə görməkdən məmnunluğunu bildirərək, dövlətimizin başçısının səfərini yüksək  iymətləndirdi, ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı.

Görüşdə siyasi, iqtisadi, elm və digər sahələrdə əlaqələrimizin genişləndiyi, bununla yanaşı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Misir Ərəb Respublikası Nazirlər Şurasının binasında Baş nazir Əhməd Nazif ilə təkbətək görüşmüşdür. 

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafından məmnunluq bildirildi, bu sahədə əlaqələrin daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulandı. 

Mayın 7-də Qahirədə, Nazirlər Şurasının binasında Azərbaycan Prezidenti İlham Əliyevin və Misirin Baş naziri Əhməd Nazifin iştirakı ilə sənədlərin imzalanma mərasimi olmuşdur.

Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən gənclər və idman naziri Azad Rəhimov, Misir tərəfdən Milli İdman Komitəsinin sədri Həsən Sakr imzaladılar. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Misir Ərəb Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən ədliyyə naziri Fikrət Məmmədov, Misir tərəfdən beynəlxalq əməkdaşlıq naziri xanım Faizə Əbülnəqa imzaladılar. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Misir Ərəb Respublikasının Kənd Təsərrüfatı və Torpaqların İstifadə Nazirliyi arasında əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Heydər Babayev, Misir tərəfdən beynəlxalq əməkdaşlıq naziri Faizə Əbülnəqa imzaladılar. Azərbaycan poçt təşkilatı və Misir Milli poçt təşkilatı arasında beynəlxalq pul baratlarının mübadilə olunması üzrə sazişi iqtisadi inkişaf naziri Heydər Babayev və Misirin informasiya-kommunikasiya texnologiyaları naziri Tariq Kamal imzaladılar. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Misirin Yaxın Şərq Agentliyi (MENA) arasında əməkdaşlıq sazişini AzərTAc-ın baş direktoru Aslan Aslanov və MENA-nın idarə heyətinin sədri və baş redaktoru Abdulla Həsən imzaladılar. Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Misir tərəfdən turizm naziri Züheyr Qaranan imzaladılar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Misir Ərəb Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycan tərəfdən daxili işlər naziri Ramil Usubov, Misir tərəfdən daxili işlər naziri Həbib əl-Ədli imzaladılar. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Misir Ərəb Respublikasının mineral ehtiyatlar qurumu arasında texniki əməkdaşlıq protokolunu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Misir tərəfdən neft naziri Sami Fəhmi imzaladılar. Azərbaycan Respublikasının Abşeron icra hakimiyyəti və Misir Ərəb Respublikasının Qəlyubiyyə icra hakimiyyəti arasında anlaşma memorandumunu Azərbaycan tərəfdən ölkəmizin Qahirədəki səfiri Faiq Bağırov, Misir tərəfdən Qəlyubiyyə valisi Ədli Hüseyn imzaladılar. Azərbaycan Respublikasının M.F.Axundov adına Milli Kitabxanası və Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanası arasında anlaşma memorandumunu Azərbaycan tərəfdən səfir Faiq Bağırov və Misir tərəfdən İsgəndəriyyə kitabxanasının idarə heyətinin sədri İsmayıl Sirəcəddin imzaladılar. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Misir Ərəb Respublikasının İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumuna əlavə protokolu Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Heydər Babayev, Misir tərəfdən informasiya-kommunukasiya texnologiyaları naziri Tariq Kamal imzaladılar. Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında hava nəqliyyatı haqqında sazişə əlavə protokolu Azərbaycan tərəfdən “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov, Misir tərəfdən Mülki Aviasiya Təşkilatının sədri İhəb Sadiq imzaladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Qahirədə Ərəb Dövlətləri Ligasinin (ƏDL) iqamətgahına gəlmişdir. ƏDL-nin baş katibi Əmr Musa dövlətimizin başçısını ehtiramla qarşıladı.

Prezident İlham Əliyevin baş katib Əmr Musa ilə təkbətək görüşündə Azərbaycan ilə ƏDL arasında əməkdaşlığın vəziyyəti, bu əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olundu. Görüşdə regional məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıldı. 

Azərbaycan Prezidenti İlham Əliyev Qahirədə Ərəb Dövlətləri Ligasinn üzvü olan ölkələrin səfirləri ilə görüşmüşdür. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misirin əməkdaşlıq naziri, Misir-Azərbaycan birgə hökumətlərarası komissiyasının həmsədri xanım Faizə Əbülnəqa ilə görüşmüşdür. 

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu, iqtisadi və humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulandı.